Milli Preventiv Qrup cəzaçəkmə müəssisələrinə başçəkmələri davam etdirir


Digərləri 14 Okt 2019 23:24:00 387 0

Milli Preventiv Qrup cəzaçəkmə müəssisələrinə başçəkmələri davam etdirir

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırılır.

Ombudsman Aparatından Son.az-a verilən məlumata görə, bu fəaliyyət çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində qidalanma, su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib.

Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumlara ünvanlanan fərdi iş əsasında yeni yanaşmalarla islah işinin genişləndirilməsinə və təşviqinə ehtiyac vardır.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən, barələrində olan məhkəmə hökmlərindən və aparılmış istintaqdan narazılıqlarını bildiriblər.