Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb”


Digərləri 14 Okt 2019 20:34:00 249 0

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb”

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ də tutulmayıb.

Son.az bildirir ki, Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor  Minə Hacıyeva Modern.az-a açıqlamasında qatil olduğu iddia edilən Əli Abdullayev adlı azərbaycanlı gənc barədə bəzi məlumatlar verib. Minə xanımın sözlərinə görə, Cavidlə Əli tələbə vaxtlarından dost olublar:

"Cavidlə Əli  İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa  da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında  ingilis dilində təhsil alıb. İndi oturub fikirləşirəm ki,  Cavid  bu yaşda nə boyda hörmətə sahib olub! Halbuki, 22 yaşında həm yaradıcılıqla,  həm də elmlə məşğul olmaq hər adama nəsib olmur". 

Minə xanım deyir ki, Əli dəfələrlə onların evində olub, həmişə fərqliliyi ilə seçilib:

"Əli bir neçə dəfə bizim evdə də olub. Süfrəmizdə oturub. Cavidlə bir yerdə çörək kəsib. Ancaq onun şəkillərinə baxanda hiss olunur ki, sanki içində hər şey daşa dönüb. Bizim ailə şən ailə olub. Bayramlarda musiqi səslənib, şeir deyilib. Ancaq Əli bütün şəkillərdə şən əhval-ruhiyyəli insanların arasında gərgin oturub. Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi. (Bəzi iddialara görə, Əlinin göstərdiyi barmaq işarəsi satanistlərə məxsusdur-red.) Bütün bunlara baxmayaraq, Əlinin Cavidi öldürməsinin səbəbləri tam olaraq bilinmir. Ola bilsin ki, bu qətldə qısqanclıq  elementləri də olsun".

Anasının sözlərinə görə, Cavidin qatili mütləq tapılmalıdır:

"O mənim oğlumu xüsusi amansızlıqla qətlə yetirib. Oğlumun qanı yerdə qalmamalıdır. Güman ki,       Cavidin  telefonunda yazışmalar olub. Ancaq Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2  telefonu vardı. Ukrayna polisinin verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də,  digəri isə  6-da söndürülüb. Ukrayna polisi deyir ki, qatil tutulandan sonra Cavidi nə üçün öldürüldüyünün səbələri bəlli olacaq. Qatil ona görə tutulmayıb ki, onun qaçması üçün hər cür şərait yaradılıb. Ayın 7-si axşamı sərhədi keçib və qaçıb. Ola bilsin ki, imkanlı qohumlarının bu işdə əli olub. Cavidin anası olaraq qatilin tezliklə tapılmasını və tutulmasını istəyirəm".

(adsgarden = window.adsgarden || []).push({});