Məşhurlar qadınlar üçün AYAĞA QALXDI:


Digərləri 14 Okt 2019 19:34:00 232 0

Məşhurlar qadınlar üçün AYAĞA QALXDI:

Ötən həftə ölkə mətbuatı həyat yoldaşı, qayını, qardaşı və digər yaxınları tərəfindən vəhşicəsinə öldürülən qadın ölümləri ilə yadda qaldı. Sosial şəbəkələrdə qadın zorakılığı mövzusu geniş müzakirə obyekti oldu.

Son.az xəbər verir ki, Publika.az məsələ ilə bağlı tanınmış ziyalıların fikirlərini öyrənib.

Xalq artisti Faiq Ağayev hesab edir ki, dünyagörüşlü, həyatını müstəqil yaşayan insan heç zaman qadına nəinki qarşı vəhşilik edər, heç əlini də qaldırmaz:

"Üstəlik siyasi partiya liderlərdən birinin çıxıb "Qadın ərinə tabe olmalıdır" deməsi, çox pis nümunədir. Ona qulaq asıb kimsə yenə gedib uşağının gözünün qabağında həyat yoldaşını öldürəcək, kimsə yenə həyat yoldaşını onunla intim əlaqəyə girmədiyi üçün bıçaqlayacaq, bir başqası da qadını atın ayağına bağlayıb yerdə sürüyəcək... Bu hadisələrin hamısı savadsızlıq və cəhalətin, əslində kişi gücsüzlüyünün nümunəsidir. Kəskin şəkildə qınayıram! Çox istərdim ki, ictimai qaydada məhkəmə prosesi aparılsın və bu vəhşiliyi edən şəxs camaatın gözü qarşısında cəzalandırılsın. Əgər onların savadı, ağlı və dünyagörüşü çatmırsa, qoy qorxu qalanlarına nümunə olsun.

Azərbaycan mentallığında qadın heç vaxt ikinci sayılmayıb, bu fikri 21-ci əsrin astanasında düşüncəsi dar insanlar xalqa sırımağa başlayıb. Dünyadan xali olan, savaddan kasad olmayan insan o hərəkəti etməz. Mən 1971-ci il təvəllüdlüyəm. Mənim zamanımda heç kim qadına ikinci sort insan kimi baxmayıb".

Sənətçi xəyanət üstündə baş verən cinayət hadisələrini belə şərh edib:

"Qadın və kişi xəyanəti ikili standartlardır, nə qədər müasir olsaq da, ikili standartın təsiri üzərimizdədir. Heç bir tərəfin xəyanət etməyə haqqı yoxdur. Kişinin də! Çünki Allah qarşısında bir insanı aldadır, ona bütün varlığı ilə bağlı olan birinə yalan danışır... Əxlaq tək qadına aid olan dəyər deyil, hər kəsə xas olan xüsusiyyətdir, bunun kişisi, qadını yoxdur. Fərqi yoxdur, kişi və ya qadın, xəyanət edirsə, yarısı qarşısında günahkardır".

Azərbaycanın Əməkdar idman ustası olan Zülfiyyə Hüseynova məsələyə daha sərt münasibət sərgiləyib:

"Bu ömrü biz verməmişik ki, onu alaq. Ömrü verən Allahdır, heç kimin haqqı yoxdur ki, kimisə öldürsün. Allah-Təala Həvvanı Adəmin qabırğasından yaradıb, qabırğanı çox sıxmaq olmaz sına bilər, çox boş buraxmaq da olmaz, əyilə bilər. Odur ki, vəziyyəti balansda saxlamağı bilməlisən. Əgər həyat yoldaşını, bacını və ya qızını başlı-başlına buraxmısansa, sonradan onu namus-qeyrət üstündə öldürməyə haqqın yoxdur. Əvvəlcədən qorumalı idin ki, pis yola düşməsin. Ən azından ona görə ki, ömrü verən Allahdır, onun yaratdığı heç nəyə müdaxilə etmək olmaz. Allah hər kəsi islah etsin, Allahın yoluna qayıtsınlar ki, bir də belə hadisələr olmasın. Allahsızlıq insanlara çox günahlar etdirir".

Qadın xəyanətinə çox kəskin reaksiya bildirən idmançı sözlərinə belə davam edib:

"İslamda zina zinadır, fərq etmir ki, sən kişisən, ya qadın. Haram qadın üçün də, kişi üçün də haramdır. Amma etiraf edək ki, xəyanət qadına yaraşmır. Ən azından qadın ağ vərəqdir, ağa ləkə dəydisə, onu heç bir zaman yumaq olmur. Gərək o vərəqi elə qoruyaq ki, ona sona qədər ləkə dəyməsin. Qadın öz şərəf və ləyaqətini qorumalıdır. Nə atası, nə anası, nə əri, nə də ki, qardaşı üçün... İlk növbədə öz adına görə".