MDB ölkələrində aparılan sosial islahatlar və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunur (FOTO)


Digərləri 14 Okt 2019 19:45:00 226 0

MDB ölkələrində aparılan sosial islahatlar və bu sahədə gələcək əməkdaşlıq müzakirə olunur (FOTO)

İclasda Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub

Bakı. MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında müzakirə olunacaq məsələlərin gündəliyi müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Anar Kərimovun sədrliyi ilə davam edən iclasda o, gündəlikdə əksini tapan məsələlərin MDB ölkələrində əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsinin inkişafı, sosial xidmətlərin innovativ yanaşmalar, elektron texnologiyalar üzərində təkmilləsdirilməsi baxımından aktual olduğunu qeyd edib. A.Kərimov aparılan islahatların müsbət nəticələri ilə bağlı hazırkı iclasda təcrübə mübadilələrinin aparılmasının da faydalı olacağını vurğulayıb. Məşvərət Şurasının katibi Olqa Kremskayanın moderatorluğu ilə keçirilən müzakirələr əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində aparılan islahatlar, MDB ölkələri arasında bu sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi kimi mövzuları əhatə edir. İclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemləri barədə də ətraflı məlumat verilib. Ölkəmizdə sosial yardım və əlillik təyinatları, əmək müqavilələrinin qeydiyyatı üzrə elektron sistemlərin fəaliyyət göstərdiyi, cari ilin əvvəlindən pensiya təyinatı üzrə müraciət edilmədən və sənəd təqdim edilmədən, proaktiv xidmətin göstərilməsinə imkan verən avtomatlaşdırılmış mexanizmin istifadəyə verildiyi qeyd olunub. Sosial müavinətlərin də təyinatının elektronlaşdırılması işlərinin aparıldığı, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatının da bu günlərdə elektronlaşdırıldığı diqqətə çatdırılıb. Ümumilikdə cari ilin sonunadək 10-dək müavinət növü üzrə təyinat mexanizminin elektron infrastruktur üzərində qurulmasının nəzərdə tutulduğu bildirilib.