Azərbaycan icması ilə görüşdə Cəlil Məmmədquluzadə nəslinin davamçıları da iştirak edib


Digərləri 14 Okt 2019 16:18:30 229 0

Azərbaycan icması ilə görüşdə Cəlil Məmmədquluzadə nəslinin davamçıları da iştirak edib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirib. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə komitə sədri Fuad Muradov iştirak edib. Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlının iştirakı ilə keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. F.Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən və səmərəsindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını Ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir. Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Polşadakı Azərbaycan icmasının fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Polşaya ilk səfərini müsbət qiymətləndirib və görüşlərin olduqca səmərəli keçdiyini qeyd edib. Səfir “Azərbaycan diasporunun polyak dostları” adlı bir qrupun formalaşdırılmasının da gələcəkdə əhəmiyyətli ola biləcəyini təklif kimi səsləndirib. Komitə sədri Cəlil Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.