Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri yüksələn xətt üzrə dəyişib


Digərləri 14 Okt 2019 10:57:48 214 0

Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri yüksələn xətt üzrə dəyişib

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir, biznes mühitinin əlverişliliyi təmin edilir.

Bakı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir, biznes mühitinin əlverişliliyi təmin edilir. Azərbaycandakı bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən də izlənilir və yüksək dəyərləndirilir. Bu mənada Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə nəşr edilmiş "Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatı diqqətə layiqdir. Belə ki, həmin hesabatda Azərbaycan ötənilki göstəricidən 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Bu göstərici 12 indikator əsasında müəyyən edilib ki, bunlardan 8-i üzrə ölkəmiz MDB iştirakçıları arasında yüksək nəticələr əldə edib. Hesabatda yer alan istiqamətlərdən biri də əqli mülkiyyətin qorunması sahəsidir və ölkəmizin bu sahə üzrə göstəriciləri olduqca müsbət sayıla bilər. Belə ki, “İnstitutlar” indikatorunun “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə Azərbaycan 70,4 bal ilə 30-cu yerdə qərarlaşıb. Bu indikator üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini də geridə qoyub. Ölkəmiz Ermənistandan - 35, Gürcüstandan isə 64 pillə irəlidə qərarlaşaraq, Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün bildirək ki, burada Rusiya Federasiyası 90-cı, Ukrayna isə - 118-ci yerdədir. Onu da qeyd edək ki, "Qlobal Rəqabətlilik İndeksi”nin son beş ilin nəşrlərinə görə, Azərbaycanın “Əqli mülkiyyətin qorunması” sub-indeksi üzrə göstəriciləri (2015-ci ildə - 92-ci yer, 2016-cı ildə - 71-ci yer, 2017-cı ildə - 37-ci yer, 2018-cı ildə isə 36-cı yer, 2019-cu ildə isə 30-cu yer) yüksələn xətt üzrə dəyişib. Nəzərə alınmalıdır ki, əqli mülkiyyətin qorunmasının səviyyəsi ölkəyə xarici investisiyaların cəlb olunması ilə sıx əlaqəlidir.