Beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilən sosialiqtisadi islahatlar


Digərləri 14 Okt 2019 00:45:00 378 0

Beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilən sosialiqtisadi islahatlar

Qlobal rəqabətlilik əmsalında göstəricilərimizin yaxşılaşması, ölkə iqtisadiyyatının müsbət dinamika üzrə inkişafından xəbər verir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Ölkəmiz Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib. Sinqapurun başçılıq etdiyi reytinq siyahısında, ümumilikdə, 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.

Artıq Azərbaycanın bu tip  beynəlxalq reytinq göstəricilərində irəliləməsi mütəmadi hal alıb. Təbii, beynəlxalq təşkilatlar reytinq göstəricisini müəyyənləşdirmək üçün bir çox parametrləri nəzərə alırlar. Deməli, Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq təşkilatların da diqqətindədir. İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, Azərbaycanın reytinq agentliklərində öz göstəricilərini yaxşılaşdırması, ölkədə aparılan sosial-iqtisadi islahatların beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməsi deməkdir: "Son illər ərzində Azərbaycanda böyük iqtisadi islahatlar paketi icra olunmaqdadır. Bir sıra istiqamətlər üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes strukturlarının inkişafı və s. görülən işlər davam etdirilir. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən izlənilir və göstəricilərimizə təsir göstərir. Qlobal rəqabətlilik əmsalında göstəricilərimizin yaxşılaşması, həm də ölkə iqtisadiyyatının müsbət dinamika üzrə inkişafından xəbər verir. Bu, həm də ölkəmizə yeni xarici investorların cəlb edilməsi baxımından çox vacibdir. İqtisadiyyatın rəqabətə davamlılığı artırsa, bu, ölkənin dinamik inkişafının göstəricisidir. Belə olan halda ölkəyə yatırılan sərmayələrin də həcmi artır".

İqtisadçı-ekspert Ramin Rəhimov bildirdi ki, qlobal reytinq agentliyində mövqeyimizin yaxşılaşması, Azərbaycanın maliyyə dayanıqlılığının möhkəm olmasından xəbər verir: "Ölkənin reytinqi maliyyə göstəriciləri əsasında bəlli olur. Son zamanlarda Azərbaycanda aparılan iqtisadi islahatlar, müasir iqtisadi tendensiyalar ölkəmizin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalarında mövqeyini yaxşılaşdırır. Əsas məsələlərdən biri də ölkənin xarici investorlar qarşısında öhdəliyini yerinə yetirə bilmə qabiliyyətidir. Cəlb olunmuş borc vəsaitləri və onların vaxtında qaytarılması mühüm məqamdır. Beynəlxalq reytinq agentlikləri üçün bu göstəricilər böyük əhəmiyyət kəsb edir. Həmçinin, ölkə daxilində fəaliyyət göstərən maliyyə sektorunun iştirakçılarının reytinqləri də bu göstəricilərə təsir göstərir. Bütövlükdə götürdükdə, Azərbaycan ildən ilə öz göstəricilərini daha da yaxşılaşdırır. Reytinq agentliklərinin yanaşması, ölkəyə investisiya cəlbində əhəmiyyətli rol oynayır. Xarici investorlar ölkənin reytinq cədvəllərində hansı mövqedə olmasına daim nəzarət edir. İqtisadi proseslərin dinamik inkişaf etdiyi ölkələrə investorlar arxayın olur. Yəni göstəricilərimizin yaxşılaşdırılması ölkəyə daha çox valyuta gətirir. Bu isə ümumilikdə iqtisadi inkişafın dinamikasını sürətləndirir".