“İranda türk fəalları mühakimə edən məhkəmələr Ettelaat tərəfindən yönləndirilir”


Dünya 13 Okt 2019 19:32:00 209 0

“İranda türk fəalları mühakimə edən məhkəmələr Ettelaat tərəfindən yönləndirilir”

Milli fəallar son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəalları mühakimə edən məhkəmələrin çıxardığı hökmləri qeyri-adi qərarlar olaraq dəyərləndirirlər. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə bu "dəyişik qərarları" şərh edib.

Xiyavlı həmçinin bu yaxınlarda Cenevrədə qatıldığı BMT İnsan Haqları Şurasının Sosial Forumunda baş verənlər haqqında danışıb.

Bu qərara baxanda biz İran məhkəmə sisteminin birbaşa təhlükəsizlik qüvvələri tərəfindən idarə edildiyini görürük. Hökmlərin siyasi amaclarla öncədən yazıldığını görürük. Son vaxtlar Ərdəbil Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum olan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə artırıb. Fəalın 2 il sürgün cəzası isə qüvvədə saxlanılıb.

"Bu qərara baxanda biz İran məhkəmə sisteminin birbaşa təhlükəsizlik qüvvələri tərəfindən idarə edildiyini görürük. Hökmlərin siyasi amaclarla öncədən yazıldığını görürük," Şahin Xiyavlı söyləyir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, onun sözlərinə görə, "İranda bir məhkəmə dosyesini bir üst məhkəməyə götürəndə, ümumiyyətlə ya eyni qərar [qüvvədə saxlanılıb], ya da ki, birinci qərardakı hökmü endiriblər. Abbas Lisaninin həbs müddətinin 8 ildən 15 ilə çıxması dəyişik və yeni bir durumdur."

Hüquq müdafiəçisi həmçinin bu yaxınlarda BMT İnsan Haqları Şurasının Sosial Forumunda baş verənləri Amerikanın Səsinə anladıb.

Oktyabr ayının 1-də Genevrədə keçirilən BMT forumunda məruzə oxuyan Şahin Xiyavlı İranda qeyri-fars icmalara mənsub uşaqların üzləşdiyi ayrıseçkiliklər və "farsca yetərlilik testi" təşəbbüsünü gündəmə gətirib. O, İran Azərbaycanında insan haqları vəziyyəti üzrə fəaliyyət göstərən AHRAZ cəmiyyətinin nümayəndəsi olaraq BMT-nin iclasına qatılıb.

İclasdan çəkilmiş bir videoda İran İslam Respublikası nümayəndəsinin Xiyavlıya təpki göstərdiyi görünür.