"Paşinyanın Aşqabadda Njdenin müdafiəsinə qalxması Ermənistanın faşizmi təbliğ etdiyini bir daha göstərdi"


Siyasət 13 Okt 2019 15:03:00 330 0

"Paşinyanın Aşqabadda Njdenin müdafiəsinə qalxması Ermənistanın faşizmi təbliğ etdiyini bir daha göstərdi"

MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın tarix boyu insan hüquqlarına hörmət etmədiyini, etnik təmizləmə və işğalçılıq siyasətini dəstəklədiyini bir daha yüksək səviyyədə sübut etdi.

Son.az xəbər verir ki, bunu Trend-ə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, faşizm tarixdə insanlıq əleyhinə cinayətlərin törədilməsi, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli zəmində nifrətin təbliği, genosid və soyqırımı cinayətlərinin törədilməsi ilə yadda qalıb.

A.Səfixanlı əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın məhz faşist ideologiyasına xidmət edən, insanlıq əleyhinə cinayətlərin törədilməsində, o cümlədən 1918-ci ildə azərbaycanlıların, daha sonra İkinci Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımında, Sovet İttifaqına qarşı döyüşən erməni legionunun yaradılmasında, arxa cəbhədə təxribatların törədilməsində bilavasitə iştirak etmiş, bu qanlı cinayətlərə rəhbərlik etmiş bir cinayətkara - Qaregin Njdeye abidə ucaltmasını, onun Ermənistanın qəhrəmanı kimi əbədiləşdirməsini faşizmə qarşı mübarizə aparmış, vuruşmuş, həyatlarını itirmiş milyonlarla insanların ruhuna hörmətsizlik kimi qiymətləndirib və belə halların yolverilməz olduğunu bildirib.

Aparat rəhbəri deyib ki, Azərbaycan Prezidenti çıxışını tarixi faktlara, ensiklopediyalara, rəsmi dövlət sənədlərinə istinad etməklə etdiyi halda, Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də hər zaman olduğu kimi absurd fikirlərlə çıxış edib.

O hesab edir ki, Paşinyanın insanlıq əleyhinə cinayətlər etmiş və keçmiş SSRİ hərbi tribunalı tərəfindən hərbi cinayətkar hesab edilən Qaregin Njdenin müdafiəsinə qalxması, onu erməni xalqının qəhrəmanı kimi təbliğ etməsi bir daha Ermənistanın faşist ideologiyasına sadiq, beynəlxalq hüquq normalarına və ən əsası insan hüquqlarına hörmətsizlik nümayiş etdirən bir dövlət olduğunu göstərdi.