Radikallıq yalançılıq deməkdir?


Siyasət 13 Okt 2019 10:44:00 296 0

Radikallıq yalançılıq deməkdir?

Hakimiyyətdə olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsini çözmək və erməni işğalına son qoymaq əvəzinə, işğalçıların bir qədər də irəliləməsinə tam şərait yaradan, transmilli korporasiyalarla neft müqavilələri imzalayanda həddən ziyadə sadəlövh və naşı davranan, Rusiyanın Azərbaycandakı qoşunlarının ölkədən çıxarılmasını "başa çatan proses" kimi qələmə verən AXCP-nin indiki sədri Əli Kərimli, gerçəkdən də, ya çox primitiv taktikalı və bəsit strategiyalı siyasətçidir, ya da ümumiyyətlə, siyasətçi deyil və aşkar demaqogiya ilə məşğuldur.

Partiya sədri funksionallığını illərdən bəri bloqerliklə və xaricə sığınaraq Azərbaycana qarşı virtual söyüş maşını formalaşdırmış bloqerlərin YouTube kanallarında sürəkli isterik çıxışlar edən "danışan baş" mexanikası ilə dəyişmiş Ə.Kərimlinin son iki gündə Facebook səhifəsində yazdığı üç paylaşıma diqqət verdim.

Paylaşımlar pullu reklama qoyulub ki, sosial şəbəkədə onları mümkün qədər çox insan görsün.

Ə.Kərimlinin statik və şablon təfəkkürünün "məhsul"ları olan bu absurdların ilkində o, AXCP-nin hakimiyyətdə olduğu bir ildən bəhs edir, o dövrlə hakimiyyətin indiki siyasəti ilə müqayisə aparır.

Adam əmindir ki, ABŞ-ın və ümumiyyətlə, Qərbin "qeyri-demokratik" saydığı ölkələrlə, ümumiyyətlə, əməkdaşlıq etmək olmaz.

Ə.Kərimli geosiyasəti, diplomatiyanı, dövlətlərarası münasibətlərin prinsiplərini, ən başlıcası isə xalqın maraqlarının və dövlətin mənafelərinin təminat mexanizmlərinin iş xırdalıqlarını bilmir.

Heç zaman bilməyib, bilməyə də can atmayıb və bu səbəbdən də, sadəcə, ironiya doğuran iddialarla çıxış edərək vurğulayır ki, sən demə, Türkmənistan, Ekvatorial Qvineya, Şimali Koreya, Tacikistan və ya Türkmənistan kimi ölkələrlə əməkdaşlıq istənilən "demokratik" dövlətin "başını aşağı" edərmiş.

Zavallı bloqer nə bilsin ki, ABŞ-ın ən intensiv əməkdaşlıqda və sıx tərəfdaşlıqda olduğu ölkələr arasında elə həmin Eritreya, Svazilend, Səudiyyə Ərəbistanı və s. var. Yaponiya, Myanma, Çin, Vyetnam, Tayland, Fransa, İtaliya, Avstraliya, Sinqapur kimi ölkələr Şimali Koreya Xalq-Demokratik Respublikasının ən iri ticari tərəfdaşlarıdır.

Geosiyasətdə və siyasətdə mənəvi məqamlar, emosional qərarlar olmur.

Böyük dövlətlərin sırf öz maraqlarının gerçəkləşdirilməsi üçün hazırladıqları və obyektivliyi əsla şübhə doğurmayan çoxsaylı "reytinq"lər, "azadlıq indeksləri" və s. isə artıq, sadəcə, Papua-Yeni Qvineyada bələdiyyə seçkilərinə yenicə qatılmış gənc və sadəlövh adamda şübhə doğurmur.

İspaniya mediası ABŞ Dövlət Departamentinin "Demokratiya indeksi"ini ələ salır, Finlyandiya Avropa Birliyinin və Birləşmiş Ştatların "üçüncü dünya" dövlətlərinə münasibətini neomüstəmləkəçilik elan edir, Malayziya isə, ümumiyyətlə, Qərbin öz maraqlarını təmin etmək üçün istənilən cinayəti törətdiyini bəyan edir.

Əli Kərimlinin iddialarına görə, AXCP-Müsavat dueti hakimiyyətdə olarkən, sən demə, Qarabağın 40 faizindən artığı düşməndən azad edilibmiş. Bu ağ yalanı təkzib etməyə ehtiyac belə yoxdur, çünki ölkə vətəndaşları arasında yaşı 40-dan yuxarı olanlar o illərdə xalqa kimlər tərəfindən nələrin yaşadıldığını unutmayıblar.

Unutmayıblar ki, ölkədə silahın mübahisələrdə yeganə arqumentə çevrildiyi, quldurluq və qətllərin adiləşdiyi, ordu əvəzinə çoxsaylı, başıpozuq hərbi birləşmələrin vahid komandanlığın yoxluğundan istifadə edərək müxtəlif rayonları faktiki olaraq ələ keçirərək kiçik "şahlıqlar" qurmasının normaya çevrildiyi, qanunların heç birinin (!) işləmədiyi, kimsənin həyatının güvəndə olmadığı xaos və anarxiya hökm sürürdü.

Erməni işğalçılarının o dövrdə irəliləməsinin başlıca səbəbkarı da elə AXCP-Müsavat cütlüyü idi.

Ə.Kərimli iddia edir ki, AXCP Rusiyanın Azərbaycandakı qoşunlarını ölkədən çıxarıbmış. Bu da ağ yalandır. Rusiyanın Azərbaycandakı hərbi kontingentinin, daha doğrusu, Sovetlər Birliyi dönəmindən qalan hərbi hissələrin deformat olunaraq çıxarılması, onların silah və hərbi texnikasının, avadanlığının və s.-nin ölkədə qalması Qərbin Moskvaya sərt təzyiqlərinin nəticəsi idi.

Mərhum Boris Yeltsinin Rusiya prezidenti olduğu dönəmdə Brüssel və Vaşinqtonun Moskvaya pressinqini həmin vaxtlarda XİN başçısı olmuş V.Kozırev aşkar etiraf etmişdi: "Azərbaycan ərazisindəki qoşunların çıxarılması ilə bağlı qərar çıxış yolunun olmamasından irəli gələrək atılan addım idi. Bu proses postsovet məkanının digər ölkələrdə də yaşandı və prosesin getdiyi ölkələrin hakimiyyətlərinin istəyi ilə olmadı".

1991-ci ilin oktyabrın 9-da qəbul olunmuş "Silahlı Qüvvələr haqqında" qanuna görə, Azərbaycanda 3 ay ərzində Milli Ordu yaradılmalıydı.

Üç aya ordu formalaşdırmaq, xüsusilə də çöl komandirlərinin idarə etdikləri dəstələrlə ayrı-ayrı partiyaların yaratdığı silahlı birləşmələrin ləğv olunaraq vahid komandanlıqlı silahlı qüvvələrə transformasiya edilmələrinin mümkünlüyünün özü illüziya, xam xəyaldı.

AXCP-Müsavat dueti bunu çox gec, rayonlarımız dalbadal erməni işğalçılarına, sözün əsl mənasında, təhvil veriləndə anladılar.

Əli Kərimli daha sonra yazır ki, bəs AXCP hakimiyyətdə olanda xarici şirkətlərlə neft müqavilələri hazırlayanda hər bir dolların davasını edibmiş.

Bu da yalandır, çünki məhz həmin hakimiyyətin ən üst düzəy yetkililərinin naşılığı, bacarıqsızlığı və qərarsızlığı ölkəyə qarşısıalınmaz bəlalar vəd edirdi. Neft müqavilələrinin normal şərtlərlə bağlanması və imzalanması birmənalı olaraq o dövrdəki hakimiyyətin maymaq qərarlarını rədd edən peşəkarların, həmin dövrdəki ARDNŞ rəhbərliyinin və funksionerləri ilə bir qrup iqtisadçının, ekspertin və analitiklərin zəhmətlərinin nətiəcəsidir.

Xəyanəti, satqınçılığı, naşılığı, primitiv düşüncəni, taktika və strategiyadan yoxsuluğu fəaliyyət prinsiplərinə çevirmiş insanlar indi hakimiyyətə dərs keçməyə çalışırlar.

Məhz bu səbəbdən də bloqer Əli Kərimli məşhur "On iki stul" əsərindəki "Davakar tənbəl" personajını xatırladır: özü əl qoyduğu bütün işləri bərbad edib, heç nə bacarmır, amma daim qışqırır, şüarlar söyləyir, müdaxilələrə can atır və sonucda növbəti uğursuzluqdan sonra susmaq əvəzinə, daha da bərk qışqırır.

Azərbaycanın irəliləyişinə lağ edən, öz aləmində səbatlı tənqidə varan, əslində isə gün keçdikcə - əfsuslar - daha da marginallaşan Əli Kərimli bir zamanlar partiya olmuş AXCP-ni indi küçə aksiyalarında qışqırtı salanlar, sosial şəbəkədə isə trollaşanlar dəstəsinə çevirməyə can atır.

O, heç zaman öz həyatını yaşayıb özü olmadığından daim kimlərəsə, niyəsə bənzəməyə çalışır.

Əvvəllər narıncı köynək geyinirdisə, indi "moskit mitinqi" taktikasına işarə vurur və beləliklə, bir zamanlar "Motodrom"da, "Qələbə" kinoteatrının önündə tərəfdarlarına Corc Buşun portretlərini tutdurub "Qərb bizə yardım edəcək!" qışqırdan adam indi rusiyalı müxalifətçi Aleksey Navalnıya bənzəməyə çalışır.

Bənzər isə həmişə orijinaldan pis, zəif olur.

Gərçi Əli Kərimli bunu anlasa.

Anlamayacaq, əmin olun.

Elçin Alıoğlu Son.az