UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib (FOTO)


Digərləri 12 Okt 2019 16:20:28 278 0

UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib (FOTO)

UNEC-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib.

Bakı. UNEC-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını və Təhsil nazirinin müvafiq əmrini əsas tutaraq, UNEC rektoru BDU-nun 100 illik yubileyinin keçirilməsi barədə əmr imzalayıb. Yubiley tədbirinin sərəncamdan irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor, yubiley münasibətlə ali təhsil müəssisələrində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Professor Sakit Yaqubov BDU-nun inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən professor Sakit Yaqubov qeyd etdi ki, Bakı Dövlət Universiteti yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirmişdir. Dünya şöhrətli siyasətçisi, ümummilli lider Heydər Əliyevin də məhz bu ali təhsil ocağının məzunu olduğunu diqqətə çatdırıb. UNEC-in “Azərbaycan dili” kafedrasının professoru Maarifə Hacıyeva BDU-nun tarixindən söz açıb. BDU-nun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu qeyd edən professor, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi nəhəng tarixi hadisələrdən birinin məhz BDU-nun yaradılması olduğunu vurğulayıb. Azərbaycanın dövlətçilik tarixi kontekstində AXC-nin təhsil sistemində yeni bir dövrün başlanğıcını qoyduğunu, bu qərarın qəbul edilməsində ölkənin maarifpərvər ziyalılarının bütün təzyiqlərə baxmayaraq, müstəsna fədakarlıq nümayiş etdirdiklərini vurğulayıb.