Azərbaycanda ən bahalı ixtisaslar:


Digərləri 12 Okt 2019 15:42:00 286 0

Azərbaycanda ən bahalı ixtisaslar:

Bakıdakı universitetlərdə bəzi ixtisasların ödənişi kifayət qədər yüksəkdir. Həmin bahalı ixtisasların qiymətləri ali təhsil müəssəsindən asılı olaraq dəyişir.

Söhbət hansı ixtisaslardan gedir, sizin də diqqətinizə çatdıraq?

Son.az modern.az-a istinadən bildirir ki, mövzu ilə bağlı paytaxtdakı ali təhsil ocaqları arasında sorğu keçirib.  

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə İbrahimova:

"Universitetdə ən bahalı ixtisas hüquqşunaslıqdır, burada illik olaraq təhsilin ödənişi 4500 manat təşkil edir. Bundan başqa, BDU-da ödənişli əsaslarla təhsil alanlar beynəlxalq münasibətlər ixtisası üçün 2900, iqtisadiyyat, menecment, davamlı inkişafın idarə edilməsi ixtisasları üçün 2500, dövlət və ictimai münasibətlər ixtisası üçün isə illik 2800 manat ödəməlidirlər".

Azərbaycan Dillər Universiteti mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallı:

"Təhsil fakültəsində ingilis dili müəllimliyi universitetdəki ən bahalı ixtisasdır. Bu ixtisas üçün illik 2500 manat ödənməlidir".

Bakı Slavyan Universiteti mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov: "Bakalavriat səviyyəsi üzrə ən bahalı ixtisas filologiya və xarici dil müəllimliyi fakültəsində ingilis dili müəllimliyidir. Tərcümə fakültəsində isə tərcüməçilik ixtisası  (ingilis dili üzrə) ən çox ödənişi olan ixtisasdır. Hər iki ixtisasın illik ödənişi 2000 manatdır. Magistratura səviyyəsi üzrə isə illik ödənişi 1700 manat olmaqla beynəlxalq münasibətlər və diplomatiya  ixtisası birinci yerdə dayanır. Qeyd edək ki, bütün ixtisaslar üzrə artıq uzun müddətdir ki, maddi cəhətdən çətinlik çəkən ailələrə güzəştlər tətbiq olunur".

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

"Ən çox ödəniş müalicə-profilaktika fakultəsindədir - 4500 manat. İxtisas seçimi rezidentura mərhələsində olduğu üçün müddətə görə ödəniş dəyişir".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva:

"Universitetdə ən bahalı ixtisas memarlıq-dizayn ixtisasıdır. Bu ixtisasın illik ödənişi 2300 manatdır. Bundan başqa, tikinti-iqtisad fakültəsində marketinq, biznesin idarə edilməsi, sənayenin təşkili ixtisaslarının da ödənişi 2300 manatdır. Digər ixtisasların illik ödənişi isə 1800-1900 manat arasında dəyişir".