Bədəndə nə qədər çox xal varsa, bir o qədər də risk var


Digərləri 11 Okt 2019 22:44:00 255 0

Bədəndə nə qədər çox xal varsa, bir o qədər də risk var

Son.az saglamolun.az-a istinadən yazını təqdim edir.

Vaxtilə insanın üzündəki xallar gözəllik rəmzi hesab edilirdi.

İndi isə əksər hallarda xalların bənizi korladığını düşünərək, onlardan qurtulmağa can atırlar. Lakin istənilən xalı yandırmaq, kəsib atmaq olmaz. Heç bir araşdırma aparmadan xalı kəsdirmək bəzən ciddi nəticələr doğura bilər. Respublikanın baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudovla söhbətimiz bu haqdadır.

- Üzdəki, ümumiyyətlə bədəndəki arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilərmi?

- Bu məsələyə qətiyyən birmənalı yanaşmaq olmaz. Bəzən həkimlər insanın istəyi ilə xalı yandırırlar. Amma elə xallar var ki, yandırıla bilməz. Həkim ilk olaraq, bu xalın etiopatogenezini dəqiqləşdirməlidir. Yalnız bundan sonra xalın yandırılıb-yandırılmamasına dair qərar verilə bilər.

Bəllidir ki, günün altında bütün xallar aktivləşir. Buna görə bütün dünyada dermatoskopiya aparılır, xalın damar qidalanması, sinir qidalanması yoxlanılır. Xalın ümumi şəklini çəkirlər. Bir il sonra təkrar şəkil çəkilir, xalın böyüyüb-böyümədiyi dəqiqləşdirilir. Əgər xal böyüyürsə və ya hansısa geyim elementi (məsələn, qadınlarda büsthalterin ipi) xala sürtülüb onu qıcıqlandırırsa, onda xal mütləq şişir. Bu halda xalın nəyəsə çevrilə biləcəyinə dair şübhələr yarandığından, bu tip xalları götürürlər. Təbii ki, kəsilən hər bir xalın biopsiyaya göndərilməsi məsləhətdir. Hansısa xoşagəlməz xal olarsa, onun ətrafı da səhmana salınmalıdır.

- Adətən yaşlı insanlarda qoltuqaltında, boyunda xırda ətli xallar olur. Bədəndə bu cür xalların qalması sağlamlığa hansısa təhlükə yaradırmı?

- Bu gün əsas xallar "virus papilloması" adlandırdığımız xallardır. Boyunda, qoltuqaltındakı ətli xallar adətən təhlükəli olmur. Onlar elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Amma elə xallar da var ki, onları yandıranda daha da çoxalır. Ona görə zədələnən xalı ümumiyyətlə götürmək lazımdır. Ümumiyyətlə isə xallı insanlara gün altında uzun müddət gəzmək məsləhət deyil.

Bədəndə nə qədər çox xal olarsa, risk də çoxalır. Belə adamlar daim xallara nəzarət etməlidirlər.

(adsgarden = window.adsgarden || []).push({});