Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib


Digərləri 11 Okt 2019 21:29:00 285 0

Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib

Saxta alkoqollu içkilər hazırlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyindən Son.az-a verilən məlumata görə, xəbər verdiyimiz kimi, sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib.

Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan "Растворитель 646" adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.

Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.