Azərbaycan Prezidenti: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsi halları baş verir"


Siyasət 11 Okt 2019 21:14:00 294 0

Azərbaycan Prezidenti: "Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsi halları baş verir"

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan "Molotov kokteyli" kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi:

"Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur "Katyuşa" raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".