NASA orbitə yeni peyk buraxdı


Digərləri 11 Okt 2019 18:59:00 209 0

NASA orbitə yeni peyk buraxdı

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yerin atmosferinin ion təbəqəsini tədqiq edəcək ICON peykini orbitə buraxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Pegasus" raketdaşıyıcısının modifikasiya olunmuş "L-1011 Stargazer" nəqliyyat təyyarəsindən startı yarım saatlıq gecikmə ilə Birləşmiş Ştatların şərq sahilindən həyata keçirilib. Canlı yayımda nümayiş olunan prosesin sonunda peykin orbitə çatdığı xəbər verilib.

Qeyd olunub ki, start üçün platforma rolunu oynayan təyyarə ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən hərbi aerodromdan havaya qalxıb və 11,9 kilometr yüksəkliyə çatdıqdan sonra peykin olduğu raketdaşıyıcını orbitə ata bilməyib. NASA-nın məlumatında bildirilib ki, həmin dəqiqələrdə "L-1011 Stargazer" ilə rabitə itib və dispetçerlər raketin təyyarədən ayrılmasını təxirə salmağa məcbur olublar. Təyyarə 30 dəqiqədən sonra yenidən dairə vurub və növbəti dəfə raketdaşıyıcını orbitə ata bilib. Sərbəst olduqdan beş saniyə sonra "Pegasus" raketdaşıyıcısının mühərriki avtomatik rejimdə işə düşüb və NASA-nın da planlaşdırdığı kimi, 10 dəqiqə ərzində ICON peykini aşağı Yerətrafı orbitə buraxa bilib.

ICON missiyası iki il müddətinə nəzərdə tutulub. Üç pillədən ibarət olan "Pegasus XL" raketinin istehsalçısı isə Amerikanın "Northrop Grumman" korporasiyasıdır. Əvvəlcə, peykin orbitə göndərilməsi ötən ilin oktyabrına nəzərdə tutulmuşdu. Lakin raketdaşıyıcının uçuş qabağı sınaqlarının uzanması səbəbindən start təxirə salınmışdı.

(adsgarden = window.adsgarden || []).push({});