Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır


Siyasət 11 Okt 2019 18:24:00 293 0

Avropa Şurası Azərbaycanda gender bərabərliyinin təşviqi üzrə layihə reallaşdırır

Avropa Şurası Azərbaycanda "Azərbaycan KİV-lərində gender bərabərliyinin və digər etik standartların gücləndirilməsi" layihəsini həyata keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu layihə gender bərabərliyinin və digər etik standartların yerli mətbuatda təşviqinə və media vasitəsilə cəmiyyətə təsirinə yönəlib.

Layihənin konkret məqsədləri aşağıdakılardır:

- KİV-lər üçün milli normativ-hüquqi bazanı gender bərabərliyi baxımından təkrar nəzərdən keçirmək və onun Avropa Şurası standartlarına uyğunlaşdırılması ilə bağlı tövsiyələr vermək.

- Azərbaycan KİV-lərində gender problemi ilə bağlı məlumatları, o cümlədən KİV sektorunda qadınların məşğulluğunun və Azərbaycan KİV-lərində qadınlar barədə araşdırmaların statistikasını toplamaq.

- Azərbaycan Mətbuat Şurasının KİV-lərdə gender bərabərliyi və digər etik standartlar üzrə potensialını möhkəmləndirmək və Avropa Şurasının gender bərabərliyi və KİV-in azadlığı üzrə standarlarını Bakı və bölgələrdə jurnalistlər və KİV işçiləri arasında təşviq etmək.

- "Jurnalist etikası" və "Gender bərabərliyi və KİV-in azadlığı" üzrə dərsliklər hazırlamaq yolu ilə jurnalistika təhsilinin keyfiyyətini artırmaq.

- Peşəkar hüquqşünasların (hakimlər, vəkillər, prokurorlar, eləcə də hüquq fakültəsi tələbələrinin) məlumatlılığını artırmaq və onlara gender bərabərliyi, KİV-in azadlığı və azad fikir ifadəsi sahələrində Avropa Şurası standartlarını öyrətmək.

Layihə üzrə bütün tədbirlər müvafiq dövlət orqanlarının, milli və beynəlxalq məsləhətçilərin, elmi dairələrin və vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə həyata keçirilir.