Kollina VAR-ın emosiyaları öldürdüyünü düşünmür


İdman 11 Okt 2019 15:30:00 350 0

Kollina VAR-ın emosiyaları öldürdüyünü düşünmür

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina videotəkrar (VAR) sistemi ilə bağlı fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, sabiq italiyalı referi “Football Italia”ya açıqlamasında texnologiyanın sürətlə inkişaf etdiyini və sistemin tədricən təkmilləşəcəyini vurğulayıb: “VAR sistemi cəmi 5 ildir icad olunub. Bu, hakim üçün sadə bir vizual arayış olmalıdır. Ən böyük problemlərdən biri etibarlılıq idi. Ancaq texnologiyanın sürəti əhəmiyyətli dərəcədə artıb. Bu gün 1 dəqiqə çəkən proses 2014-cü ildə 5 dəqiqə alırdı. Texnologiyanı inkişaf etdirmək üçün daim çalışırıq. Beş il sonra sistem indi gördüyümüzdən tamamilə fərqli ola bilər. Əlbəttə ki, heç kim gözləməyi sevmir. Dərhal 20 fərqli kamera bucağından təkrar seçməyimiz üçün süni intellektdən istifadə edən bir proqram yaratdığımız böyük bir addım olacaq. VAR-ın qolu qeyd etmək baxımından emosiyaları öldürdüyünü düşünmürəm. İndi azarkeşlərin qolu 2 dəfə qeyd etmək imkanı var - qol vurulduqda və VAR təsdiqlədikdən sonra”.

Qeyd edək ki, VAR sistemi bir sıra beynəlxalq yarışlarda və ölkələrdə tətbiq olunsa da, sistemə münasibət birmənalı deyil.