Belarusda keçirilən beynəlxalq forumda Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)


Digərləri 11 Okt 2019 14:31:00 224 0

Belarusda keçirilən beynəlxalq forumda Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)

Belarusda “Uçurumun kənarından geri çəkilmək” mövzusunda “Minsk Dialoqu-2019” Beynəlxalq Forumu keçirilib.

Bakı. Belarusda “Uçurumun kənarından geri çəkilmək” mövzusunda “Minsk Dialoqu-2019” Beynəlxalq Forumu keçirilib. Azərbaycanın Belarusdakı səfirliyindən Trend-ə verilən məlumata görə, forum çərçivəsində “Gələcəkdə təhlükəsizlik üçün yeni fikirlər” adlı yekun plenar iclas keçirilib. Plenar iclasda Rusiyadan, Kanadadan, ABŞ-dan, Ukraynadan və Polşadan olan ekspertlərlə yanaşı, Ermənistanın Qafqaz İnstitutunun rəhbəri Aleksandr İskəndəryan da iştirak edib. Paneldə Ermənistan nümayəndəsinin iştirakını və təşkilatçılar tərəfdən azərbaycanlı məruzəçinin salınmadığını və mövzunun əhəmiyyətini nəzərə alaraq səfirlik sözügedən tədbirdə iştirak etməyə qərar verib. A.İskəndəryan dünyanın siyasi sisteminin tamamilə dəyişdiyini nəzərə alaraq, “Versal” Sülh müqaviləsi, Yalta konfransı və Helsinki Yekun Aktı ilə əldə olunmuş razılaşmalarla və müəyyən olunmuş prinsiplərlə artıq münaqişələrin həll olunmasının qeyri-mümkünlüyünü qeyd edərək yeni yaranmış reallıqlar şəraitində günümüzə uyğun prinsiplər və formaların yaradılmasının vacibliyinə toxunub. A.İskəndəryan bölgədə mövcud olan münaqişələrin əvvəlki formalar və prinsiplərlə həll olunmasının qeyri-mümkünlüyünü deyib. O, həmçinin yeni yaranmış kiçik ölkələrə böyük dövlətlərə yanaşılan prizmadan baxmağın düzgün olmadığını qeyd edib. Səfir Lətif Qəndilov iclasın sual-cavab hissəsində söz alaraq bildirib ki, bütün münaqişələrin həllində bərabər prinsiplərdən və formalardan istifadə olunmalıdır. “Ölkələr istər böyük olsun, istərsə kiçik, onlara münasibət eyni olmalıdır. Ermənistan ekspertinin fikri kökündən yanlışdır. Yeni prinsiplər yoxdursa, yalnız mövcud hüquqi bazaya əsaslanılmalıdır və bu da ədalətlidir. Ukrayna və Polşa ekspertləri də çıxışlarında bu mövqeni təsdiq etdiklərinə görə onlara da öz təşəkkürümü bildirirəm. BMT-nin nizamnaməsində yazılıb ki, kiçik və böyük dövlətlər yoxdur, bütün dövlətlər qanun qarşısında bərabərdirlər. Əgər biz bu prinsiplərə inanmırıqsa, Beynəlxalq Millətlər Təşkilatı gərək öz fəaliyyətini dayandırsın. Nə qanunun üzərində, nə də qanunun altında heç bir dövlət olmamalıdır. Əgər bu prinsiplərə riayət olunmasa, biz heç nəyə nail ola bilməyəcəyik”, - deyə L.Qəndilov əlavə edib.