Borc verib ala bilməyənlər


Digərləri 11 Okt 2019 14:16:00 306 0

Borc verib ala bilməyənlər

Azərbaycanda səfərdə olmuş görkəmli fransız yazıçı Akleksandr Düma deyir: "Elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil". Bu fikir təəssüflər olsun ki, heç də hər kəsə şamil olunmur. Bu gün kişi sözü verib, borc pul alan onlarla şəxs var ki, geri qaytarmamaqla qarşı tərəfə problemlər yaşadır. Son.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Xaçmaz sakini: "Bir nəfərə borc vermişəm, ala bilmirəm. 8 min manat pul vermişdim, min manatını qaytarıb, 7 minini 7 ildir ki, qaytarmır". Bəziləri isə açıq şəkildə borcunu ödəmədiyini etiraf edir. Sualımızı təbəssüm ilə qarşılayaraq, etdiyi hərəkəti belə əsaslandırır. Xaçmaz sakini: "Borcum var, özüm də borc vermişəm. Bir dostum var, ona 10 manat borcum var. Neçə ildir ala bilmir. Alanda yaxşıdı, verəndə pis". Belə hallarla qarşılaşanlar adətən hüquqi müstəvidə haqqını tələb edə bilmir. Çünki ortalıqda faktı sübut edən heç bir sənəd olmur. Borc istəyən şəxsə müqavilə bağlamağı təklif etmək isə kimlərəsə görə qarşı tərəfə hörmətsizlik hesab edilir. Xaçmaz sakini: "Xeyr, dostuma heç vaxt sənəd imzalatmaram. Həm də dostdan dosta fərq var". Sövdələşməni hüquqi əsaslandırmaq üçün notarial qaydada hər iki tərəf müqavilə imzalamalıdır. Sığotalanmaq üçün bu vasitə ən etibarlısı hesab olunur. Hümmət Əliyev - Hüquqşünas: "Əgər borc yeni bir razılaşmalıdırsa, notarial qaydada razılaşdırılır, borcun məbləği bildirilir və ona müvafiq rüsum ödənilməklə müqavilə bağlanılır". Müqavilənin imzalanması üçün dövlət rüsumu tələb edilir. Əlavə xərclər ödəmək istəməyən şəxslərin başqa çıxış yolu da var. Hümmət Əliyev - Hüquqşünas: "Müqavilənin dəyəri 100 manat hesablanılır. Əgər onu ödəmək istəmirlərsə, 3-cü şəxsin iştirakı ilə akt tərtib olunur, həmin bitərəf şəxslər də təsdiqləyirlər ki, sabaha hansısa bir hüquqi addımlar atılarsa, onlar da bu məsələni təsdiqləyə bilsinlər". Hüquqi sahədə çalışan şəxslər arasında belə bir deyim var: "Sözü işə tikmək olmur". Odur ki, gələcəkdə baş verə biləcək bütün ehtimallara qarşı verilmiş vədlərə deyil rəsmi sənədlərə arxayın olmaq lazımdır.

(adsgarden = window.adsgarden || []).push({});