Rus hərbi ekspertdən şok:


Dünya 10 Okt 2019 20:14:00 297 0

Rus hərbi ekspertdən şok:

Son.az Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri" ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyevin Axar.az-a müsahibəsini təqdim edir:

- ABŞ Prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv etməklə hədələdi. Daha sonra isə ritorikasını yumşaldaraq Ərdoğanla dost münasibətində olduğunu bildirdi. Ziddiyyətin səbəbi nədir və yaxud ABŞ Prezidentinə düzgün bildiklərini etməyə kim mane olur?

- ABŞ-ın xarici və daxili siyasət sferasında müşahidə edilənlər - xüsusən Türkiyə, kürdlər və ümumilikdə Yaxın Şərqlə bağlı hər şey - ölkənin hakim elitası arasındakı sözügedən istiqamətdə strategiyaların hazırlanması və qərar qəbulu ilə bağlı kəskin mübarizədən xəbər verir. Belə olan halda Trampın davranışları küləyin dəyişən istiqaməti qarşısında flügerin hərəkətinə bənzəyir. Hakim ABŞ elitası daxilində hansı mövqe qalib gəlirsə, Tramp da ictimai şəxs kimi onu dilə gətirir. Kürd qruplaşmalarla Türkiyə arasındakı mübarizə, Vaşinqtonun rəsmi Ankaraya və Suriyadakı kürd rəhbərliyinə münasibətinin dəyişməsi müəyyən mənada son vaxtlar daha da kəskin xarakter daşıyan ABŞ daxilindəki siyasi mübarizənin bir təzahürüdür. Yeri gəlmişkən, həmin mübarizə Trampın Rusiya ilə münasibətdə fəaliyyətində də öz əksini tapır: "Putinlə hər şeyi yoluna qoymaq istəyirəm" deyilir, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilir.

- Trampın dünyadakı müharibələrlə bağlı mövqeyini xatırlayaq: o, Yaxın Şərqdə bir nəfər belə olsun əsgər saxlamaq istəmir. Onun sözlərinə görə, amerikalılar özgə müharibələrdə iştirak etməməlidir. Təbii ki, əgər ABŞ sözügedən regiondan tamamilə çıxsa, onun yerini yeni lider ölkə tutacaq. Görünür, yeni ölkənin ortaya çıxması istənilmir. Suyu kim bulandırır?

- Dünya səhnəsində öz siyasətlərinin icra metodları və formaları ilə bağlı mövqelərində fərqlər olan maliyyə-sənaye qrupları suyu bulandırır. Bu məsələdə həmçinin Əfqanıstan, Suriya və dünyanın digər qaynar nöqtələrində hərbi sahədə hökumət müqavilələrini yerinə yetirmək üçün sifariş portfeli əldə etmək uğrunda Amerikanın özəl hərbi şirkətləri ilə Pentaqon arasında xüsusən Yaxın Şərqdə aparılan mübarizənin də böyük rolu var. Buna görə də ABŞ heç yerdən tamamilə çıxmayacaq. Çünki ordunun yerinə şəxsi hərbi kompaniyalar gələcək. Məsələn, ABŞ hərbçilərinin İraqı tərk etməsindən sonra da belə olmuşdu.