Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupunun görüşündə təmsil olunub


Digərləri 10 Okt 2019 18:28:00 251 0

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Konsultativ Qrupunun görüşündə təmsil olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası Bazel Komitəsinin Bazel Konsultativ Qrupu tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən tədbirdə təmsil olunub.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin 2-3 oktyabr tarixlərində Bazel Komitəsinin Bazel Konsultativ Qrupu tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən tədbirdə təmsil olunub. Palatadan Trend-ə verilən məlumata görə, 23 üzv ölkənin mərkəzi bank və nəzarət orqanlarının, Maliyyə Sabitliyi İnstitutu (FSI), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) kimi beynəlxalq maliyyə təşkilatlarının və bank nəzarəti qurumlarının iştirak etdiyi tədbirdə Komitənin son görüşlərində qaldırılmış mövzular, risk-əsaslı bank nəzarəti üçün “Proporsionallıq” prinsipi, BASEL III Standartının ölkələr üzrə tətbiqi təcrübəsi, yeni makroprudensial tənzimləmə istiqamətləri müzakirə edilib, nəzarət prinsiplərinin müxtəlif yurisdiksiyalarda tətbiqinə dair təqdimatlar edilib. Tədbir çərçivəsində Palatanın İdarə Heyətinin üzvü vəzifəsinin icra edən Asim Zülfüqarov ölkənin maliyyə sisteminə dair məlumatlarla çıxış edərək Palatanın bank nəzarəti və tənzimlənməsi istiqamətində gördüyü işlər, BASEL II və III prinsiplərinin tətbiqi üzrə atılmış addımlar və bu məqsədlə Palatanın İdarə Heyəti tərəfindən müəyyən edilmiş Tədbirlər Planı barədə məlumat verib. Eyni zamanda, səfər çərçivəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi ilə bağlı dəstəyin alınması, bu istiqamətdə bilik və bacarıqların artırılması, mövcud təcrübənin öyrənilməsi məqsədilə Komitənin Maliyyə Sabitliyi İnstitutu ilə məsləhətləşmələr aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd edək ki, Bazel Komitəsi 1974-cü ildə dünyada bank nəzarəti sahəsində prudensial standartları müəyyən etmək məqsədilə Belçika, Kanada, Fransa, Almaniya, ABŞ, İtaliya, Yaponiya, Hollandiya, İsveç və Böyük Britaniya tərəfindən yaradılmışdır. Hazırda 28 ölkədən 45 təşkilatın üzv olduğu Komitə bank tənzimlənməsi və nəzarəti sferasında beynəlxalq miqyasda qəbul edilmiş üç Standarta (Bazel I, Bazel II və Bazel III) malikdir.