Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir


Digərləri 10 Okt 2019 17:01:00 232 0

Nazir: Zəlzələdə dağılan 327 evin tikintisi başa çatıb, 206 ev tikilir

Bu gün Fövqəladə Hallar Nazirliyinində bu il fevralın 5-6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib

Bakı. Samir Əli - Bu gün Fövqəladə Hallar Nazirliyində bu il fevralın 5-6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib. Trend-in məlumatına görə, toplantıda fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib. Toplantının keçirilməsində məqsəd baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi sərəncam və tapşırıqların icrası üzrə ötən dövr ərzində görülmüş tədbirlərin, həmçinin işlərin qısa müddətdə yekunlaşdırılması istiqamətində qarşıya çıxan məsələlərin həlli yollarının müzakirəsi olub. Toplantıda çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin hadisənin səhəri günü zəlzələ zonasına səfər etməsi, təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olması, zəlzələdən ziyan görmüş insanlarla görüşməsi və fəsadların operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi ölkə başçısının çətin vəziyyətə düşən vətəndaşlarımıza hər zaman göstərdiyi ali dövləti qayğının növbəti təsdiqi oldu. Odur ki, hadisədən dərhal sonra zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar cənab Prezidentin imzaladığı sərəncamların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Zəlzələ bölgəsində fəsadların aradan qaldırılması ilə bağlı görülən bütün işlər ilk gündən daimi olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında olub. Bu isə əhali arasında böyük razılıq və minnətdarlıq hissi ilə qeyd olunur. Nazir bildirib ki, ötən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub. Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Müayinələrin nəticələrinə uyğun olaraq nazirliyin müvafiq qurumları tərəfindən qısa müddət ərzində layihə-smeta sənədləri hazırlanaraq, ərazidə bərpa və yenidənqurma işlərinə başlanılıb. Nazir K.Heydərov bildirib ki, bölgədə zədələnmiş evlərin müayinəsi və layihə-smeta sənədlərinin hazırlanması işlərinə nazirliyin 200-ə qədər mütəxəssisi, bərpa, tikinti işlərinə isə 21 tikinti şirkəti, 3000-ə yaxın fəhlə və mühəndis cəlb olunub ki, bunların da 70%-ə qədəri yerli sakinlərdən ibarətdir. Qeyd olunub ki, 30 sentyabr 2019-cu il tarixinə qədər qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq. Nazirin sözlərinə görə, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib. Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir.