Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub


Kriminal 10 Okt 2019 16:54:00 302 0

Bakı Musiqi Məktəbinin məzunu F.Şubert adına Vyana Konservatoriyasına qəbul olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb.

Son.az xəbər verir ki, dünyanın muxtəlif ölkələrindən onlarla abuturiyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb. F.Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə kitay, 1-nə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

Bu münasibətlə Baş İdarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində "Qran Pri" mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.