Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı


Digərləri 10 Okt 2019 16:39:58 292 0

Zərərçəkmiş: Fala baxmaq adı ilə qızıl və pullarımı aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqına start verilib. Prokuror ittiham aktını elan edib. İttihama əsasən, İ.Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib. Özünü ittihamlarda təqsirli bilməyən təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Fövqəladə Hallar Nazirliyində inspektor işləyib, heç kimdən işə düzəltmək üçün pul almayıb. O deyib ki, zərərçəkmiş Qaratel Əhmədova qızıl-zinət əşyalarını ona saxlamaq üçün verib, sonradan ərinə qaytarıb. Zərərçəkmiş Qaratel Əhmədova isə bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub. "Bizə dedi ki, yaxşı işlərə adam düzəldirəm. Sonra isə dedi ki, guya sizə cadu ediblər. Bizə falçılıq edirdi. Biz də qorxduq. Ceyran dərisi almaq, cadu pozmaq adı ilə məndən pul və qızıl əşyaları aldı. Dedi ki, qızıllara cadu-əməl ediblər. Daha sonra qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarına da işə onları düzəldəcəyini demişdi. Hamısından da pul aldı. Deyirdi ki, bu gün-sabah işə çıxacaqsınız".