Nərmin Şahmarzadə həbs oluna bilər


Digərləri 10 Okt 2019 16:04:00 313 0

Nərmin Şahmarzadə həbs oluna bilər

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib.

Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.

"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".