Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...


Kriminal 10 Okt 2019 16:22:00 266 0

Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...

Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq və cinayət faktları hər kəsi dəhşətə gətirib. Cəmi bir neçə gün ara ilə Bakıda iki qadının 18-20 bıçaq zərbəsi ilə öldürülməsi məsələnin aktuallığını bir qədər də artırıb. Son günlər ailə üzvləri tərəfindən qadınlara qarşı törədilən zorakılıq sərhəd tanımır. Bu işdə müxtəlif soyuq silahlardan: balta, dəyənək, bıçaq və sairədən istifadə edilir. 

Son.az qafqazinfo-ya istinadən son bir ay ərzində müxtəlif səbəblər bəhanəsiylə döyülən, öldürülən qadınların statistikasını təqdim edir:

Yəqin ki, nəinki ötən, hətta il ərzində yaşanmış ən dəhşətli cinayət hadisəsi 27 yaşlı Leylanın 3 övladının gözü qarşısında, 20 bıçaq yarası ilə öldürülməsi olub. Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında qeydə alınan hadisə mübahisə zəminində baş verib. Əri azyaşlı uşaqları ilə Leylanı atası evinə apararkən ona maşında 1 bıçaq zərbəsi vurub. Özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçmaq istəsə də, ər onu yoldaca tutaraq 19 bıçaq zərbəsi vurub. Hadisəyə ailənin övladları da şahidlik edib...

Qətldən düz 3 gün sonra, yəni, dünən analoji hal yenidən təkrarlanıb. Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürüb.

Sadəcə Bakı və ətraf qəsəbələrdə son günlər baş verən qadın zorakılıqları faktlarına nəzər saldıqda aşağıdakı statistikanı görə bilərik:

Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. 4 uşaq anası olan Cəmilə aldığı 12 balta yarasından hadisə yerində ölüb. Qətl mərhumun oğlunun gözü qarşısında baş verib.

Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Abşeronun Masazır qəsəbəsində intihar edən 26 yaşlı Aynurə Abdullayevanın da ailə münaqişəsi zəminində öldürüldüyü iddia olunur.

Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və həbsxanada kəsici alətlə ona ağır xəsarət yetirib.

Bölgələrə nəzər saldıqda da oxşar mənzərəni görürük:

Ağsunun Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi qalıb. Qətlə yetirilən Xumar onu öldürməkdə şübhəli bilinən Nərimanın bibisi qızıdır.