Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib (FOTO)


Digərləri 10 Okt 2019 15:50:00 253 0

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib (FOTO)

“Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilib.

Bakı. Oktyabrın 10-da “Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransın əsas mövzusu “Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik” olub. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak ediblər. Konfransda "AZANS"ın direktoru Fərhan Quliyev salamlama nitqi ilə çıxış edərək bildirib ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir. “Aeronaviqasiya provayderi olaraq, AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarə edilməsini təmin edir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurdu. Yeni həll “Enhanced Airport Vision Display” platformasına əsaslanır ”, – deyə AZANS-ın direktoru Fərhan Quliyev qeyd edib. Hal-hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi də həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.