Sırğalı oğlunuzun, xaç taxan, ayaqlarına halqa bağlayan qızınızın olmasını istərdinizmi?


Digərləri 10 Okt 2019 14:24:00 232 0

Sırğalı oğlunuzun, xaç taxan, ayaqlarına halqa bağlayan qızınızın olmasını istərdinizmi?

Qadına qarşı zorakılığı xortlatmaq istəyənlərin məqsədi nədir? Hər dərd bitdi indi də qadına şiddət üzərindən oynanılır artıq oyunlar...

Piketin önündə gedən Fuad Qəhrəmanlını yadınıza salmaq istəyirəm... O zorakılıqdan, şiddətdən danışan xanımlar şiddətə yox deyibən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına gəlsəydilər və Fuad Qəhrəmanlıya sənin burda nə işin var deseydilər o zaman deyərdim ki, halaldır... Amma belə olmur, xanımlar. Məsələn, o gün mitinqdə təxribat törətməyə saysız-hesabsız cəhdlər göstərən, otuz ildir Qarabağı niyə almırsınız, ya da uşaq pulunu niyə vermirsiniz deyə sual verən xanım, ya da onun ətrafındakılar xanımına və qızına şiddət uyğulayan birinin bizim aramızda nə işi var deyə sual versəydilər və Fuad Qəhrəmanlı piket keçirilən ərazini tərk edincəyə qədər ciddi cəhdlə piketi dayandırsaydılar, o zaman mən onların səmimiyyətinə inanardım.

İndi qadın hüquqlarından danışanların kənardan idarə olunan "qrant papalarına", ya da "qrant mamalarına" etiraza gücləri çatırmı?

Təbii ki, heç kim ailədaxili zorakılığı təşviq və təbliğ etmir, amma cəmiyyətimizdə zaman-zaman bütün sferalarda üstümüzə hücum çəkən qüvvələrin bu kimi hadisələri əllərində bayraq etmələri cool görünmək istəyindən başqa bir şey deyil. Yeri gələndə mental dəyərləri heçə sayanlar indi cəmiyyətdə, ailədə qadının yüksək dəyərə malik olduğundan danışırlar. Cənablar və xanımlar, o ailə sizin lağ etdiyiniz, "mentualet" adlandırdığınız dəyərlər üzərində qurulmuş ailələrdir.

Daha sizin və liderlərinizin fondlardan qrant almaq üçün növbəyə düzülüb dağıtmağa çalışdığı ailələr deyil. Soruşsaq, hamınız ailənizdən ailələrin kökünə dinamit qoyan zərərli fikirlərin uzaq qalmasını istəyirsiniz, amma aldığınız qrantlarla topluma aşıladığınız fikirlərin zərərli yönləri vecinizə də deyil. Sırğalı oğlunuzun, xaç taxan, ayaqlarına halqa bağlayan qızınızın olmasını istərdinizmi? Elə isə əl çəkin bu yalançı qadına şiddət yalanlarınızdan! Çünki səmimi deyilsiniz...

Oqtay Hacımusalı Son.az