Küçədə tapılıb xəstəxanada ölən qızı maşın vurubmuş


Kriminal 10 Okt 2019 10:50:00 271 0

Küçədə tapılıb xəstəxanada ölən qızı maşın vurubmuş

Beyləqan rayonunda küçədə huşsuz vəziyyətdə tapılan və 1 gün sonra xəstəxanada ölən 18 yaşlı qızı maşın vurduğu müəyyən olunub.

Son.az xəbər verir ki, Beyləqan Rayon Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, oktyabrın 7-də Beyləqan-Kibirli avtomobil yolunun sağ tərəfində üzərində xəsarətlərlə aşkar olunmuş Quliyeva Aygün Mehman qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı polis və prokurorluq əməkdaşlarının iştirakı ilə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 

Hadisə yerinin və meyitin müayinəsi həyata keçirilməklə digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin araşdırma zamanı A.Quliyevanın naməlum avtomobil tərəfindən vurulduğu və sürücünün hadisə yerindən qaçdığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Beyləqan Rayon Polis Şöbəsində istintaq davam etdirilir.