Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub (ÖZƏL)
Digərləri 10 Okt 2019 07:21:05 277 0
Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub.
Bakı. İlhamə İsabalayeva -
Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, son 5 ildə Azərbaycan vətəndaşı olan 6409 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Həmin müddətdə 6109 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.
2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Kişilərə gəldikdə, 2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb. 2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər Azərbaycan vətəndaşı olan kişi əcnəbi qadınla ailə qurub.
Bu ilin ötən dövrü ərzində də əcnəbi ilə evlənən kişilərin sayı qadınların sayından az olub. 2019-cu ilin yanvar-iyul fevral ayları ərzində 722 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olduğu halda, 565 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə həyatı qurub.
Mənbə: az.trend.az