Kapitoli Birləşmiş Ştatlarda birliyin rəmzi kimi FOTO


Digərləri 09 Okt 2019 23:05:00 262 0

Kapitoli Birləşmiş Ştatlarda birliyin rəmzi kimi  FOTO

Vaşinqtonda Kapitoli təpəsi adlandırılan yerdə ABŞ Konqresinin yerləşdiyi bina - dünya şöhrətli Kapitoli ucalır. ABŞ-ın daxili siyasətinə, eləcə də digər ölkələrlə münasibətlərinə dair çox ciddi məsələlər məhz burada həll edilir. Konqresin hər iki palatasının qanunvericilərinin irəli sürdükləri, müzakirə və qəbul etdikləri qanun layihələri amerikalıların gündəlik həyatına birbaşa və dolayı təsir göstərir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, binanın təməli hələ ölkənin birinci prezidenti Corc Vaşinqton dövründə - 1793-cü il sentyabrın 18-də qoyulub. Binanın arxitekturası, eləcə də Kapitolinin içərisinin dizaynı tikinti zamanı arxitektorlar tərəfindən bir neçə dəfə dəyişdirilib. Amerika qitəsində yaranan yeni dövlətin qanunvericiləri ilk dəfə 1800-ci ilin noyabrında tikintisi hələ başa çatmamış bu binada toplaşıblar. Bina Böyük Britaniya ilə ABŞ arasında 1812-1815-ci illər müharibəsi dövründə Vaşinqtonun işğalından sonra Ağ ev və paytaxtın digər dövlət binaları ilə yanaşı, Britaniya qoşunları tərəfindən yandırılıb. Bu, ABŞ tarixində ölkə paytaxtının xarici qüvvələr tərəfindən işğal edildiyi yeganə hadisədir.

Müharibədən sonra binada bərpaetmə işləri aparılıb, 1827-ci ildə onun şimal və cənub hissələri keçidlə birləşdirilib, onun üzərində günbəz ucaldılıb. Binanın arxitekturası sonrakı 30 il ərzində də dəyişikliklərə məruz qalıb. ABŞ Administrasiyası belə qənaətə gəlib ki, bina qanunvericilər, komitələr və strukturlar üçün zəruri olan otaqların hamısını yerləşdirmək üçün kiçikdir. Buna görə də binanın genişləndirilməsi prosesi başlayıb.

ABŞ-da vətəndaş müharibəsi zamanı binanın tikintisində növbəti ləngimə baş verib. Köləliyin olmadığı 20 Şimal ştatının və köləliyin olduğu 4 sərhəd ştatının İttifaqı köləliyin olduğu 11 Cənub ştatına - qondarma Konfederasiyaya qarşı silahlı mübarizəyə başlayanda da Kapitolinin tikintisi yarımçıq olub. Bütün maddi imkanların müharibəyə yönəlməsinə baxmayaraq, o dövrdə ABŞ prezidenti olan Avraam Linkoln binanın tikintisini davam etdirmək və tezliklə başa çatdırmaq barədə sərəncam verib. O, bununla müharibə dövründə millətin birliyini göstərmək istəyirdi.

1863-cü il dekabrın 2-də binanın arxitektura simasına sonuncu ştrix əlavə edilib: Kapitolinin günbəzində hündürlüyü 6 metr olan alleqorik "Azadlıq heykəli" ucaldılıb. Tomas Krouford tərəfindən layihələndirilmiş heykəl əvvəlcə "Müharibədə və sülhdə azadlığın təntənəsi" adlanıb. Hazırda heykəl rəsmən "Azadlıq heykəli" adlanır. Heykəl döyüş dəbilqəsində olan qadın fiquru formasındadır. O, sağ əlində qınında olan qılınc, sol əlində dəfnə çələngi və qalxan tutub.

Kapitolinin günbəzi içəridən ABŞ-da ilk freska ilə bəzədilib. "Vaşinqtonun apofeozu" adlanan freskada azadlıq, qələbə və şöhrət rəmzi olan qadın fiqurları və altı qrup insan fiqurları ilə əhatə olunmuş Corc Vaşinqton səmaya yüksəlir. Bu şedevrin müəllifi yunan-italyan mənşəli rəssam Konstantin Brumididir.

(adsgarden = window.adsgarden || []).push({});