“Mən oranın rəisi olmamışam...”


Kriminal 09 Okt 2019 20:24:00 310 0

“Mən oranın rəisi olmamışam...”

Ötən il Masallı rayonunda 3 uşağın ölümünə səbəb olan partlayışla bağlı qaz idarəsinin iki əməkdaşı cəzalandırılsa da, onların ailələri bu qərarla razılaşmır. Hökm oxunan işçilərin yaxınları bu işdə rəis İdrak Əsədlinin günahkar olduğunu iddia edirlər. İ.Əsədli isə istintaq başa çatdıqdan sonra ölkədən qaçıb.

Son.az xəbər verir ki, qafqazinfo cinayət işi materiallarına istinadən hadisə barədə məsul şəxslərin verdiyi ifadələri əldə edib.

Bu işlə bağlı rəis İdrak Əsədli, mühəndis Əlipənah Əhədov, çilingər Məhəmməd Nuriyev təqsirləndirilib.  Hər üç şəxs işə vicdansız və laqeyd yanaşmaqda 3 azyaşlının ölümünə səbəb olmaqda ittiham ediliblər. Onlardan yalnız mühəndis və çilingər həbsə göndərilib, rəis isə xaricə qaçıb.

İttihama görə, Günel Kərimovanın partlayışda vəfat edən 13 yaşlı oğlu Əli Müseyibov 104 qəza xidmətinə həyətlərində qaz sızması olması haqda məlumat verdikdən sonra despetçerlər bu məlumatı rəis İdrak Əsədliyə veriblər. O isə məlumatı mühəndisə ötürüb və çilingərə bu işi həll etməsini tapşırıb. Mühəndis Ə.Əhədov həmin ərazidə qaz sızması olması barədə qeydi çilingər Məhəmməd Nuriyevə verib. O isə bir gün əvvəl həmin yerdə olduğunu və qaz sızmasının aradan qaldırılması üçün texnika və əlavə işçi qüvvəsi lazım olmasını deyərək buna görə həmin ünvana tək getməyəcəyini bildirib.

Ə.Əhədov isə buna əhəmiyyət verməyib və qaz sızması barədə məlumatın icrasız qalmasını bilsə də, onun aradan qaldırılmayaraq baş verə biləcək qəzanın qarşısını almaq üçün heç bir tədbir görməyib. Bunlar istintaqın gəldiyi qənaətdir. Təqsirləndirilən şəxslər isə ifadələrində fərqli danışıblar.

Bir neçə aydır rəsmi olaraq xidmət rəisi vəzifəsi boş olub. Amma Masallı Xidmət sahəsinin rəisi Ramil Ağayev deyib ki, Təmir-bərpa xidmətini rəisi vəzifəsi 38 yaşlı İdrak Əsədliyə həvalə edilib.

Rabitəçilər ifadələrində deyiblər ki, sızıntı barədə Əli Müseyibovun verdiyi məlumatı Təmir-bərpa xidmətinin rəisi İdrak Əsədliyə məruzə ediblər və ona yazılı məlumat təqdim ediblər.

İdrak Əsədli isə ifadəsində deyib ki, Masallı rayonunda işləməsinə baxmayaraq, rəsmi olaraq Lənkəran Regional Qaz İstismarı İdarəsinin tikinti şöbəsinin mühəndisi olub: "Hər gün işdən sonra Lənkəranda gedib tabelə qol çəkirdim. Mənim bu partlayışa heç bir aidiyyatım yoxdur. Mənə hər hansı bir vəzifə həvalə olunmayıb, mən təmir bərpa xidmətinin rəisi olmamışam. Günel Kərimovanın evinin qarşısında qaz sızması olması barədə də mənə heç kim məlumat verməyib və dispetçerlə bu barədə danışdığını xatırlamıram".