Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİLİK:


Digərləri 09 Okt 2019 17:33:00 227 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda YENİLİK:

Azərbaycanın milli aviadaşıyıcısı və Çinin yüksək texnoloji "Ehang Intelligent Equipment" şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıblar.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müqavilə oktyabrın 9-da Bakıda AZAL prezidenti Cahangir Əsgərov və "Ehang Intelligent Equipment" şirkətinin prezidenti Huazhi Hu tərəfindən imzalanmışdır.

"Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir".

Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.

Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.

Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.

Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.