Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır


Digərləri 09 Okt 2019 12:43:00 236 0

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb. Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib. E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib. “Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”, - deyə E.Qasımov əlavə edib. E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında böyük rol oynayacağını vurğulayıb.