Bu gün Ümumdünya Poçt Günüdür


Digərləri 09 Okt 2019 12:08:00 225 0

Bu gün Ümumdünya Poçt Günüdür

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir.

Bakı. 9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Trend-in məlumatına görə, bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 145 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur. Son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir. BMT-nin ixtisaslaşmış təşkilatlarından olan ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib. Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.