Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb FOTO


Digərləri 09 Okt 2019 11:19:46 243 0

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri  şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb  FOTO

Sabah XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi bu gün II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabr tarixinin İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb:

"Aida xanımın 80 illik yubileyidir. Çox təəssüf edirik ki, biz bu günü onsuz qeyd edirik. Aida İmanquliyeva şərqşünaslıq, ümumiyyətlə humanitar elmdə böyük iz qoymuş alimdir".

G.Baxşəliyeva əlavə edib ki, 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən Aida İmanquliyeva nəinki SSRİ-nin, dünya şərqşünaslıq elminə böyük nəfəs gətirib.

Aida xanımın əsərlərində bir növ onun ikinci mənəvi həyatının olduğunu vurğulayan institut direktoru qeyd edib ki, Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib: "Sonralar sovet, hətta xarici mütəxəssislər də qeyd edirdilər ki, Aida xanımın əsərlərində, tədqiqatlarında olan dərinlik ərəblərin özlərində belə müşahidə edilməyib. Aida xanımın yaradıcılığı çoxşaxəli idi. Amma onun əsas yaradıcılıq istiqaməti ərəb mühacirət ədəbiyyatı olub".

İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib: "Məlumdur ki, o zamanlar ideoloji buxovlar mövcud idi. Sovet dövründə Şərq-Qərb ədəbiyyatının təsiri o qədər də geniş araşdırılmırdı. Sovet dövründə başqa ideologiya hökm sürürdü. Aida xanım sübut etdi ki, mədəniyyət sahəsində də Şərq-Qərb əməkdaşlığı tamamilə mümkündür. Ancaq bu şərtlə ki, bu əməkdaşlıq yaradıcı olsun və milli ənənə zəminində baş versin".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə də Aida İmanquliyevanın 80 illik yubileyinin onsuz qeyd edilməsinə təəssüfləndiyini söyləyib.