Pediatriya sahəsində tibbi xidmətin keyfiyyətini artıracaq addım


Digərləri 09 Okt 2019 07:14:00 243 0

Pediatriya sahəsində tibbi xidmətin keyfiyyətini artıracaq addım

Baza tibb təhsili hamıda eyni səviyyədə olmalıdır, amma...

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq. Bu barədə Trend-ə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları, kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək. Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayı azaldılıb. Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib. Yeni təsnifatda "Bədən tərbiyəsi və idmanda reabilitasiya", "Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb. Yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq.

Bu cür kadr hazırlığının əhəmiyyəti, başqa hansı sahələrdə ixtisaslaşmanın aparılmasının lazım olduğu barədə mütəxəssislərin fikirlərini öyrəndik.

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, istəsək də, istəməsək də, razılaşmalı və qəbul etməliyik ki, təhsilin ayrı-ayrı səviyyələri üzrə ixtisaslaşmanın təsnifatında müvafiq dəyişikliklərin aparılması nəinki lazımdır, hətta vacibdir: "Başqa sözlə desək, bəzi ixtisasların təsnifatdan çıxarılması, birləşdirilməsi, bəzi hallarda isə təsnifata yeni ixtisasların əlavə edilməsi, kimin və ya kimlərinsə arzu və istəyindən deyil, dövrün, zamanın tələblərindən irəli gələn zərurətdir. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarında, "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı"nın təsdiq edilməsi haqqında" dəyişikliklər edilməsi barədə" 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. O cümlədən, "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib. Həkim olmasam belə, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları üzrə kadr hazırlığının aparılacağı ixtisasların siyahıya əlavə edilməsi, pediatriya ixtisasının alt sahələri üzrə kadr hazırlığına başlanılması, mühəndislik və texnologiya, kompüter, informasiya texnologiyaları, aqrar sahədə, təhsil idarəçiliyində yeni ixtisasların yaradılması qədər əhəmiyyətli ola bilər. Çünki, uşaq və böyüklər fərqli psixologiyaya, fiziologiyaya və fizionomiyaya malikdirlər. İstənilən halda, təsnifatdakı dəyişikliklərin nə dərəcədə zəruri olmasını əmək bazarı, təhsilin keyfiyyətinə təsiri isə zaman müəyyən edəcək".