Fürsətçilik zehniyyətinə qarşı əməli müqavimət məktəbi


Digərləri 08 Okt 2019 22:50:00 315 0

Fürsətçilik zehniyyətinə qarşı əməli müqavimət məktəbi

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-Səfər əyyamını yaşamaqdayıq. Allaha sonsuz həmd və sənalar olsun ki, bizlərə bu əyyamda əzadar olmaq lütfünü nəsib edir. Allahdan istəyimiz budur ki, bizlərə bu əyyamdan tövbəli halda, bağışlanmış halda çıxmağı nəsib etsin.

Ötən bəhslərimizdə Kərbəlada baş verənlərlə bağlı bir neçə təhlili mövzuya toxunmaq nəsibimiz olub. Ümumiyyətlə, kufəlilərin İmam Hüseyni (ə) dəvət etməsi və sonra bu dəvətlərini, bu əhd-peymanlarını sındırmaları və ümumən Kufədə baş verənlərin seçmə insanların yanlış davranışlarının nəticəsi olması barədə, bunların hansı ağır müsibətlər gətirməsi barədə danışmışıq.

Müslim ibni Əql (r.ə), Hani (r.ə), Qeys ibni Müzhir (r.ə) kimi əzizlər haqqında geniş danışıldı. Digər tərəfdən Ubeydullah ibni Ziyad (lən), Husayn ibni Təmim (lən) və bu cür cinayətkarlar haqqında da toxunuldu.

Kərbəlanı dərk etmək üçün Bəni-Üməyyəni tanımaq gərəkir

Böyük İslam alimləri Kərbəla hadisəsini təhlil edərkən bu mövzuya toxunurlar ki, ilk olaraq Kərbəlada nə baş verdiyini anlamaq üçün gərək Əməvi sülaləsinin, Bəni-Üməyyə xərçənginin mahiyyəti ilə tanış olaq.

Kərbəla və Aşura məktəbi - İslamı öz halından çıxarmaq, mübarək dinin hətta adının da qalmayacağı həddə qədər onu dəyişmək və tam mənada ruhunu, hər cəhətini təhrif etmək niyyətində olan Bəni-Üməyyənin qarşısında bir qiyamdır. Ona görə də Bəni-Üməyyə cinayətlərinin kökündə, mahiyyətində duran mövzulara toxunmaq zəruridir.

Bəni-Üməyyənin yaşanma formulu - ancaq öz maraq və mənfəətləri

Məkkənin fəthinə qədər Bəni-Üməyyədən heç kəs, xüsusən də iki rəhbər şəxs - nə Müaviyyə (lən), nə də atası Əbu Süfyan (lən) hətta zahirdə də İslamı qəbul etmirdilər, kafir idilər. Yəni, deyə bilərik ki, bütün Məkkə dövrü, bütün Mədinə dövründə bu mərhələlərdə Bəni Üməyyənin nəinki hər hansısa bir müsbət rolu olub, əksinə - istər İslam təzə inkişaf edəndə, istər Mədinə dövründə İlahi vəhyin qarşısında duran və inad göstərən məhz bu nəsil olub.

Yalnız Məkkənin fəthindən sonra və yalnız maraqları üçün olanda, onlar məcburiyyət qarşısında zahirdə İslamı qəbul ediblər. Həzrət Əlinin (ə) bununla bağlı mübarək buyuruşda gəlir: "Onlar İslamı qəbul etmədilər, zahirdə müsəlman oldular".

Sonra bütün mərhələlərində həmişə öz maraqlarını güddülər, maraqlarının ardınca oldular. Bəni-Səqifə cinayəti baş verən zaman hələ onlara aydın deyildi ki, vəziyyət necə inkişaf edəcək. Onların hesab-kitabına görə düşünürdülər ki, güc Həzrət Əlinin (ə) yanındadır. Buna görə də, onun yanına gəlib öz maraqları üçün bildirdilər ki, lazım olsa, haqqının bərpası üçün ayağa qalxmağa da hazırdırlar.

Ondan sonrakı dövrdə ilk fürsətdə onlar özlərinin yeni, özlərinə uyğun bir müsəlman zümrəsinin formalaşdırılmasına başladılar. Yeni müsəlman olmuşlar zümrəsi formalaşdırılmağa başlandı. Məkkə görməyən, Mədinə görməyən, Peyğəmbər (s) və onun pak Əhli-Beyti (ə) ilə praktiki olaraq tanış olmayan böyük bir zümrə formalaşdı. Onlar İslamı Bəni-Üməyyənin vasitəsilə, onların təqdimatı ilə qəbul ediblər. Belə bir zahiri müsəlman toplumu formalaşdırırlar.

Əgər biz müxtəlif vaxtlarda Bəni-Üməyyənin, Əməvi sülaləsinin davranışlarını anlamaq istəsək, bunun bir formulu var. Onlar hər zaman öz xeyir və mənafelərinin ardınca oldular. Bir gün xeyirləri Quranı nizəyə salmaq idi - bu simaya, bu rola daxil oldular. Bir gün Quranın təhrif olunması iddiasında çıxış etmək gərəkirdi - o rolu oynadılar. Bir gün hədis yazmağı qadağa etmək sərf edirdi, həqiqətlərin yazıya gəlib yayılması onlara lazım deyildi - o yolu tutdular. Özləri üçün yazmaq lazım olanda - təşviq yolunu, mükafatlandırma yolunu tutdular.

Yəni belə deyil ki, vəziyyət birdən-birə gəlib bu yerə çatdı ki, Həzrət Əlinin (ə) qətli baş versin, ondan sonra Həzrət İmam Həsənin (ə) bəlli məcburi sülhü meydana çıxsın, Həzrət İmam Hüseyn (ə) bəlli vəziyyətdə Mədinəni tərk edib Məkkəyə getməli olsun, Kufədə bəlli hadisələr baş verməli olsun.

Bütün bunların hamısını toparlayıb deyə bilərik ki, Aşura məktəbini, Kərbəlada baş verənləri tam dərk etmək üçün gərək Bəni-Üməyyənin mahiyyəti ilə, onun bütün mənfilikləri ilə dərindən tanış olaq.

"Mənim kimi birisi, yezid (lən) kimi birisinə tabe olmaz"

Belədə Həzrət İmam Hüseynin (ə) bu buyuruşunu anlamaq olur. İmam Hüseyn (ə) buyurur: "Mənim kimi birisi, Yezid (lən) kimi birisinə tabe olmaz".

Mühüm bir mövzu budur ki, burada fərdi məsələ yoxdur. İmam Hüseyn (ə) demir ki, mən Yezidə (lən) beyət edə bilmərəm. Buyurur ki, mənim kimi birisi, onun kimi birisinə beyət edə bilməz. İmam Hüseyn (ə) kimi etiqada, düşüncəyə, imana, təqvaya malik olan, siratəl-müstəqim gedən, haqq yolda olan, haqq dində olan bir şəxs, İslamın ruhunu aradan aparmaq istəyən Yezid (lən) kimi birisinə tabe ola bilməz.

Əgər biz Aşura məktəbinin, Kərbəlanın davamlı yaşamasının səbəblərini axtarsaq, bu cümlədə də açar mövzular var. Hər bir fitrətinin səsinə qulaq asan insan, bu sözü qəbul edir ki, mömin, imanlı, təqvalı, Allahın buyurduğu dəyərlərlə yaşayan şəxs fasiq, dəyərlərdən uzaq, mənfiliklər yaşadan kəsə tabe ola bilməz.

Allahdan istəyimiz budur ki, bizlərə həyatımızda Hüseyni olmaq və İmam Hüseynin (ə) bu dəyərlərini əməli yaşatmaq ləyaqətini nəsib etsin.

İnsan üçün ən böyük fayda - əməlisaleh həyat yoldaşı

Burada aktual bir məsələdə haşiyə çıxaq. Hansı ki, mövzumuzla birbaşa əlaqəsi var. Həzrət İmam Rza (ə) buyurur: "Allah bəndələri üçün ən böyük fayda - saleh həyat yoldaşları olan xanımlara malik olmaqdır". Yəni, Allah bəndəsi üçün, mömin bir kişi üçün həyatında ən böyük fayda budur ki, onun əməlisaleh həyat yoldaşı olsun.

Qurani-Kərim ailəni, həyat yoldaşları arasında münasibətləri - aramlıq yaradan, əmin-amanlıq yaradan, səmimi bir hüzur olan bir ab-havanın olması kimi qiymətləndirir. Ailənin mahiyyəti, fəlsəfəsi, canı budur ki, hər iki tərəfin səyi nəticəsində ailədə mənəvi hüzur, aramlıq olsun və bu baxımdan bir mömin insan üçün əməlisaleh həyat yoldaşı ən böyük xeyirdir.

(adsgarden = window.adsgarden || []).push({});