Türkiyə: Suriyada əməliyyatlara hazırıq


Dünya 08 Okt 2019 21:56:00 238 0

Türkiyə: Suriyada əməliyyatlara hazırıq

Türkiyə çərşənbə axşamı bildirib ki, Suriyanın şimal-şərqində hərbi əməliyyata hazırlıq işlərini tamamlayıb. Ankaranın bu açıqlaması ABŞ-ın qoşunlarını ərazidən çıxarmağa başlamasından sonraya təsadüf edir ki, belə bir addım uzun müddət Vaşinqtonla müttəfiq olan kürd qüvvələrə qarşı əməliyyatlara zəmin yaradıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, şahidlər çərşənbə axşamı Suriyanın Tel Abyad şəhərinin qarşısında olan Türkiyə sərhəd şəhəri Akçakale yaxınlığında aktiv hərbi fəaliyyət əlaməti olmadığını söyləyir.

Səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı olan haubitsalar Akçakaledə sərhədin Türkiyə tərəfindəki yer örtüklərinin arxasında yerləşdirilərək Suriyaya tərəf yönləndirilib, raket atıcıları və digər artilleriya silahları başqa bir sərhəd şəhəri olan Suruc bazalarına tərəf yönləndirilib.

ABŞ prezidenti Donald Trampın oktyabrın 6-da 50 amerikan xüsusi təyinatlı əsgərlərini sərhəd bölgəsindən çıxarmaq qərarından sonra NATO müttəfiqinin Suriyada hərəkətə keçdiyi halda Türkiyə iqtisadiyyatını "məhv edəcəyi" barədə xəbərdarlıq edib.

ABŞ-ın qoşunlarını çıxarması Suriyadakı əsasən kürdlərdən ibarət qüvvələri Türkiyə Silahlı Qüvvələrinin potensial hədəfinə çevrilməsinə yol aça bilər. Belə ki, Türkiyə bu qüvvələri uzun müddət əleyhinə savaşdığı Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələndirir.

Suriyanın şimalında istehkamlanmış əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində önəmli rol oynayıb.

Trampın qüvvələri Suriyadan çıxarmaq qərarı Kapitlidə qanunvericilər tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Trampın yaxın müttəfiqi sayılan Lindsey Qraham bu adddımı Amerikanın "şərəfinə ləkə" adlandıraraq prezidentin qərarının məsuliyyətsiz olduğunu bildirib.

Onun sözlərinə görə belə bir addım Amerikanın indiyədək əldə etdiyi nailiyyətləri israf edərək regionu daha bpyük xaosa sürükləyəcək.

ABŞ Senatında Respublikaçı çoxluğun lideri Mitç Makkonnell də Trampın əsgərləri çıxarmaq qərarını pisləyib.