Fərid Şəfiyev: Azərbaycanın əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə marağını daha da artırıb


Digərləri 08 Okt 2019 20:09:00 193 0

Fərid Şəfiyev: Azərbaycanın əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin ölkəmizə marağını daha da artırıb

Azərbaycan və Çin arasındakı iqtisadi və siyasi münasibətlər son illərdə sürətlə inkişaf edir.

Bakı. Azərbaycan və Çin arasındakı iqtisadi və siyasi münasibətlər son illərdə sürətlə inkişaf edir. Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. F.Şəfiyev qeyd edib ki, ümumiyyətlə, Çin 2013-cü ildə “Kəmər və Yol Layihəsi”ni (KYL) təklif etdikdən sonra onun iqtisadi və siyasi münasibətlərinin miqyası böyüməyə başlayıb. Onun sözlərinə görə, Avrasiya məkanında müxtəlif ölkələr ilə əlaqələrini inkişaf etdirən Çinin Cənubi Qafqaz regionuna da marağı artıb: "O bu regionun ölkələri ilə o siyasi və iqtisadi münasibətlərini inkişaf etdirməyə başlamışdır. Lakin, Cənubi Qafqaz regionunu digər ölkələri ilə müqayisədə regionun ən güclü dövlət kimi Azərbaycanın sahib olduğu stabil iqtisadi və siyasi mühit Çin üçün daha cəlbedici olmuşdur. Ona görə ki, belə mühit KYL layihəsinin reallaşdırılmasında ən əhəmiyyətli amil rolunda çıxış edir. Eyni zamanda Azərbaycanın regionun bütün güclü dövlətləri ilə dostluq münasibətlərinə malik olması və balanslı siyasəti uğurla həyata keçirməsi Çin üçün Azərbaycanın cəlbediciliyi artırmışdır". F.Şəfiyev bildirib ki, ümumilikdə, Azərbaycan-Çin münasibətlərinin sürtəli inkişaf mərhələsi 2015-ci ildə Prezident İlham Əliyevin Çinə rəsmi səfərindən sonra başlayıb: "Bu səfər çərçivəsində iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri"-nin yaradılmasının birgə təşviqi ilə bağlı anlaşma memorandumu imzalanmışdır. Bu memrondum Azərbaycanın KYL çərçivəsində strateji və iqtisadi mövqeyini gücləndirməklə yanaşı KYL-in sürətlə həyata keçirilməsi üçün baza formalaşdırmışdır. Eyni zamanda Azərbaycan 2015-ci ildə Çinin təşəbbüsü ilə yaradılmış “Asiya İnfrastruktur və İnvestisiya Bankı”-nın təsisçilərindən birinə çevrilmişdir. Bu bank Çin tərəfindən yaradılan ilk çoxsahəli maliyyə təşkilatıdır və Asiyada infrastruktur layihələrinin həyata keçirilməsi üçün yaradılmışdır. Bundan sonrakı illərdə isə Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırması və bir sıra əhəmiyyətli nəqliyyat layihələrini həyata keçirməsi Çin hökumətinin Azərbaycana olan marağını daha da artırmışdır. Ona görə ki, bu layihələr KYL çərçivəsində istər şərq-qərb, istərsə də qərb-şərq istiqamətində yükdaşımaları üçün daha qısa və ucuz alternativi yaratmış oldu. Azərbaycan tərəfindən həyata keçirilmiş əhəmiyyətli layihələrdən biri 2017-ci ildə açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi olmuşdur. Daha sonra 2018-ci ildə isə Ələtdə “Bakı Beynəlxalq Ticarət Portu”-nun açılışı olmuşdur. Bu iki layihə KYL-in Cənubi-Qafqazdan keçən qolunun əsasını təşkil edir və bir-biri ilə əlaqəli formada həyata keçirilmişdir. Yeni tikilmiş port şərqdən gələn məhsulların qısa zamanda gəmilərdən boşaldılaraq Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Gürcüstana, Türkiyəyə, Avropaya və eyni zamanda əks istiqamətdə hərəkətinə imkan yaradır. Çin-Azərbaycan münasibətlərində 2015-ci ildən sonra baş verən inkişaf özünü ticarət dövriyyəsinin dinamikasında da göstəmişdir. Belə ki, bu dövr ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2018-ci ildə 1.3 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Əgər Çin 2015-ci ildə Azərbaycanın 9-cu ən böyük ticarət tərəfdaşı idisə, 2018-ci ildə 4-cü ən böyük ticarət tərəfdaşına çevrilmişdir. Cari ilin aprel ayında keçirilən “İkinci Kəmər və Yol Forumu”-da Azərbaycanın iştirakı və imzalanan müqavilələr isə Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoydu. Forum çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında ümumi həcmi 821 milyon ABŞ dolları olan 10 müqavilə imzalanmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq müqavilələr əsasında investisiyalar qeyri-neft sektoruna yönəldiləcəkdir. Bu 2015-ci ilə qədər Çin tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmindən çoxdur. Müqavilələr əsasında həyata keçiriləcək layihələrə Sumqayıt Kimya-Sənaye Parkında şin zavodunun tikintisi də aiddir. Zavodun tikintisinə Çinin “Milli Elektrik Mühəndisliyi Şirkəti” 300 milyon dollar həcmində investisiya yatıracaqdır. Zavodda 800 yeni iş yerinin açılması planlaşdırılır. Eyni zamanda müqavilələr əsasında Kürdəmirdə 300 hektar ərazidə istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçay rayonlarında sənaye parklarının salınması, Azərbaycan şərablarının Çinə ixrac edilməsi və Çində Azərbaycan Ticarət Evinin yaradılması kimi layihələr də həyata keçiriləcəkdir. Bundan başqa, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” boyunca göndəriləcək 25,000 konteynerin Azərbaycan ərazisi ilə tranzitininin səmərəli təşkilinin həyata keçirilməsi üçün "Azərbaycan Rəqəmsal Hub" təşəbbüsü çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizi yaradılacaqdır". F.Şəfiyev əlavə edib ki, Çin və Azərbaycan arasında imzalanmış müqavilələr və artan ticarət dövriyyəsi iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu münasibətlər qarşılıqlı fayda və dostluq prinsipləri əsasında qurulub: "Azərbaycan KYL təşəbbüsünün səmərəli həyata keçirilməsi üçün tranzit ölkə olaraq Çinə geniş imkanlar yaratdığı halda, Çin də Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük investisiyalar yatırmaqla yanaşı Azərbaycana qeyri-neft sektoru məhsullarının ixracı üçün özünün geniş bazarlarını açır. Buna görə də deyə bilərik ki, KYL layihəsinin iqtisadi potensialı artdıqca və Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində daha böyük nəaliyyətlər əldə etdikcə Çin-Azərbaycan münasibətlərinin inkişafı daha sürətlənəcək və daha geniş miqyasa malik olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin