Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə 10 973 müraciət araşdırıb


Digərləri 08 Okt 2019 19:42:00 223 0

Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə 10 973 müraciət araşdırıb

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

Bakı. 2019-cu ilin ötən doqquz ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 6312 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4661 məktub araşdırılaraq cavablandırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb. Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 34 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 21 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.