Əli Kərimlinin deməyə sözü olmadığından utandı və 50 nəfərlik piketə gəlmədi - Elman Məmmədov


Digərləri 08 Okt 2019 19:19:26 239 0

Əli Kərimlinin deməyə sözü olmadığından utandı və 50 nəfərlik piketə gəlmədi - Elman Məmmədov

Milli Şuranın bu gün təşkil etdiyi 50 nəfərlik piket cəhdi növbəti dəfə iflasa uğradı.

Bakı. Samir Əli - "Milli Şura"nın bu gün təşkil etdiyi 50 nəfərlik piket cəhdi növbəti dəfə iflasa uğradı. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat qeyd edib ki, AXCP sədri Əli Kərimlinin 50 nəfərlə “inqilab” cəhdi bir daha sübuta yetirdi ki, xalq bu yalançılara inanmır və ölkədə mitinqə ehtiyac yoxdur: "Bilirsiniz, bu artıq dəfələrlə təstiqini tapıb ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil. Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Nəticə isə göz qabağında oldu. Artıq xalq dərk edir ki, Əli Kərimli və onunkimilərin populist bəyanatları yalandan başqa bir şey deyil. Bugünkü yığıncaq bir daha onu göstərdi ki, bu şəxslərin məqsədi heç də şəhərdə dinc aksiya keçirmək deyil, piketi mitinqə çevirmək, şəhərin mərkəzində qarşıdurma yaratmaq, çaxnaşma salmaqdır. Xalq arasında etimadını itirən bu tip insanlar çıxış yolunu indi də çaxnaşma yaratmaqla xalqın diqqətini özlərinə çəkməyə cəhd edir. Bakı şəhər İcra Hakimiyyəti onlara piket keçirmək üçün lazımi yer ayırsa da, onların aksiya başlamazdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarlar səsləndirməklə ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların məqsədinin asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi". Millət vəkili bildirib ki, 90-cı illərin psixologiyası ilə yaşayan bu şəxslər müəyyən yollarla qanuna tabe olmayaraq küçədə polisə müqavimət göstərməyə, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, yolu bağlamaqla insanları narahat etmək istədilər: "Hətta iş o yerə çatdı ki, onlar mitinqi pisləyən, ərazidə yaşayan və kənarda dayananlara da hücum çəkməkdən çəkinmədilər". Əli Kərimlinin piketdə iştirak etməməsinə gəlincə isə E.Məmmədov bunu təbii hal kimi qarşılayıb: "Axı, Əli Kərimli piketdə iştirak edib nə desin? Yenə yalan vədlər, pafoslu çıxışlarmı etsin? Əli Kərimlinin deməyə sözü olmadığından özü utandı və 50 nəfərlik piketə gəlmədi". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin