Ekspert müzakirələri dövlətlərin münasibətləri barədə real fikir formalaşdırır


Siyasət 08 Okt 2019 17:48:00 281 0

Ekspert müzakirələri dövlətlərin münasibətləri barədə real fikir formalaşdırır

"Bakıda TREND İnformasiya Agentliyinin mətbuat mərkəzində Azərbaycan, Rusiya və Türkiyənin aparıcı ekspertlərinin iştirakı ilə keçirilmiş üçtərəfli beynəlxalq konfrans ölkələr arasında əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib platformadır".

Son.az xəbər verir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının direktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün regionun iki aparıcı dövləti ilə əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir:

"Əlbəttə, özümüzü regiondakı qonşularımızla bərabər tutmaqla biz həmi siyasi, həm də iqtisadi baxımdan güclü oluruq. Azərbaycan Rusiya ilə sıx dostluq münasibətlərinə, Türkiyə ilə qardaşlıq əlaqələrinə malikdir, bu da öz növbəsində üçtərəfli formatda etibarlı siyasi dialoqun və iqtisadi əlaqələrin qurulması üçün ciddi zəmindir. Rusiya, Türkiyə və Azərbaycan arasındakı hazırkı münasibətlər regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlib. Bu, faktiki olaraq münasibətlərin yeni modelini formalaşdıran hər üç ölkənin marağındadır".

E.Ələsgərov bu cür ekspert görüşlərinin keçirilməsinin vacibliyini qeyd edib və əlavə edib ki, bu görüşlər "beyin fırtınası" xarakteri daşıyır:

"Regional gündəliyin aktual məsələlərinin müzakirəsi regionda mövcud vəziyyətin düzgün qiymətinin formalaşması və ekspert ictimaiyyəti səviyyəsində birgə səmərəli yolların axtarışları üçün vacib şərtdir".