“Atasını itələyərək bıçaqla Leylanın arxasıyca qaçıb”


Kriminal 07 Okt 2019 20:29:00 273 0

“Atasını itələyərək bıçaqla Leylanın arxasıyca qaçıb”

Dünən gecə saatlarında Bakıda baş verən qətl hadisəsi müzakirələrə səbəb olub. Qadının 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülməsinə sosial şəbəkə istifadəçiləri səbəblər axtarmağa başlayıblar.

Son.az xəbər verir ki, qafqazinfo-nun əməkdaşları bu gün həmin ailənin yaşadığı ünvanı əldə edib və orada olublar.

Biləcəri qəsəbəsində yerləşən 2 mərtəbəli köhnə tikilədə on illərdir yaşayan cütlük qonşuları tərəfindən sakit ailə kimi tanınıb. Bizi qarşılayan cavan oğlan qətldə təqsirləndirilən 33 yaşlı Nicat Abdullayevin uşaqlıq dostu olduğunu bildirib. O bildirib ki, ailə bu hadisədən çox sarsılıb və Nicatın şəkər xəstəsi olan anasının vəziyyəti ağırlaşıb. Bu gün bir neçə dəfə onların evinə təcili yardım çağırılıb və qadına tibbi yardım edilib. Bu səbəbdən ailə kənar şəxslərlə ünsiyyətə girmək istəmir və mətbuata hər hansı bir açıqlama vermək niyyətində deyillər. 

Buna görə yaxınlıqdakı şəxslərlə bir qədər söhbət etdikdən sonra məhəllədən uzaqlaşdıq.

Məlumata görə, 27 yaşlı xanımı Leyla Abdullayevanı 20 bıçaq zərbəsi ilə öldürdüyü bildirilən Nicat Gömrük Xidmətinin əməkdaşıdır. Cütlüyün bu nikahdan 3 oğlan övladı olub, onlar hazırda azyaşlıdır. Gənc cütlük Nicatın atası Nazirin evində onlarla birgə yaşayıb. Qonşunun bildirdiyinə görə, Nicatın anası da gəlini ilə yaxşı münasibətdə olub və onlar heç vaxt səs-küylü, problemli ailə kimi tanınmayıblar. Bu vaxtda qədər də Nicat və Leyla arasında ayrılıq olmayıb.