Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"


Digərləri 07 Okt 2019 18:57:00 317 0

Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində imzalanmış "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi üzrə Azərbaycan və Çin hökumətləri arasında anlaşma memorandumu və bir sıra digər əməkdaşlıq sənədləri iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verdi.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün "Bir kəmər, bir yol" təşəbbüsü Çinlə Azərbaycanın münasibətlərində xüsusi yer tutur və bütün dünyanın diqqətini cəlb edir:

"Bir kəmər, bir yol" təşəbbüsü fasiləsiz ticarət, yüklərin sərbəst hərəkəti kimi sahələri əhatə etməklə yanaşı, eyni zamanda tərəflərin münasibətlərində strateji əhəmiyyət kəsb edir, daha açıq, inklüziv və qarşılıqlı səmərəli inkişaf istiqamətində iqtisadi qloballaşmaya xidmət edir, eləcə də beynəlxalq münasibətlərin yeni modelinin qurulması üçün möhkəm özül rolunu oynayır. Ona görə də Azərbaycanın və Çinin bu layihədə iştirakı ikitərəfli əməkdaşlıqda vacib amildir".

O qeyd edib ki, Azərbaycanın Avropa və Asiya arasında vacib nəqliyyat mərkəzi qismində coğrafi üstünlüyü ölkəmiz üçün regionda yeni nəqliyyat imkanları yaradır:

"Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner yükdaşımaları Çin və Azərbaycan müəssisələrinin beynəlxalq nəqliyyat və logistika sahələrində fəal əməkdaşlığına kömək edir".