Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı


Kriminal 07 Okt 2019 17:34:00 297 0

Gənc oğlan dostları ilə 15 yaşlı sevgilisinə dəhşət yaşatdı

Ağcabədi rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlamaqda ittiham olunan 1994-cü il təvəllüdlü Müqəddəs Qəhrəmanov, 1991-ci il təvəllüdlü Rahib Həsənov, 1993-cü il təvəllüdlü Təhmasib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Müqəddəs Qəhrəmanov həmkəndliləri Təhmasib Həsənov və Rahib Həsənov ilə cinayət əlaqəsinə girib və 2002-ci il təvəllüdlü Məlahət Səmədovanı (ad və soyad şərti verilib - red.) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Onlar Məlahət Səmədovanı qaçırmaq üçün əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparıblar.

Müqəddəs Qəhrəmanov 23 noyabr 2017-ci il tarixdə, saat 16.20-də Ağcabədi rayonu, Minəxorlu kəndində yerləşən bulaqdan evlərinə su gətirən Məlahət Səmədovaya yaxınlaşaraq qollarından tutub.

Həmin vaxt Təhmasib Həsənov da Məlahət Səmədovanın qollarından tutub dartıb. Onlar zorla qızı Rahib Həsənovun idarə etdiyi "VAZ-21063" markalı avtomobilə mindiriblər.

Daha sonra dəstə üzvləri Məlahət Səmədovanı Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparıblar.

Dəstə üzvləri Məlahət Səmədovanı oğurlayan zaman üzərlərində bıçaq olub və onlar bıçaqla qıza hədə-qorxu gəliblər.

Həmin gün saat 20.00-da Məlahət Səmədovanın ailə üzvlərinin şikayəti əsasında Ağcabədi rayon polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Məlahət Səmədova gizlədildiyi yerdən tapılaraq ailəsinə təhvil verilib, dəstə üzvləri isə həbs olunub.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müqəddəs Qəhrəmanov 10 il 3 ay, Rahib Həsənov 5 il, Təhmasib Həsənov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Müqəddəs Qəhrəmanov Məlahət Səmədova ilə sevgili olduqlarını, ailəsinin qızı ona vermədiklərini şikayətində göstərib. Qeyd edib ki, bu səbəbdən Məlahət Səmədovanı öz razılığı ilə dostları ilə birlikdə qaçırıb.