Avropanın ikinci böyük aviaşirkəti Bakını ayın şəhəri seçdi


Digərləri 07 Okt 2019 13:19:53 281 0

Avropanın ikinci böyük aviaşirkəti Bakını ayın şəhəri seçdi

Almaniyanın aparıcı, Avropanın isə ikinci böyük aviaşirkəti olan "Lufthansa" Bakını ayın şəhəri elan edib.

Dövlət Turizm Agentliyindən Son.az-a verilən məlumata görə, aviaşirkət Azərbaycanı "Odlar yurdu", Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.

Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir-birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.

Aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib.

Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa" öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.