"Digital Youth Hub" layihəsi təqdim olunub (FOTO)


Digərləri 07 Okt 2019 11:55:36 216 0

"Digital Youth Hub" layihəsi təqdim olunub (FOTO)

Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olmuş və onlar arasından 150 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunub.

Bakı. Digital Youth Hub rəqəmsal sahəyə həvəsi, qabiliyyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır. Layihə gənclərin rəqəmsal marketinq sahəsində dövlət və özəl qurumların tələblərinə uyğun şəkildə yetişdirilməsini və əmək bazarına qazandırılmasını qarşıya məqsəd olaraq qoyub. Layihənin keçirilməsi üçün əsas istinad nöqtəsi cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunan gənclərin məşğulluğu siyasəti istiqamətindəki qərarlardır. Buna əsaslanaraq dövlət tərəfindən dəstəklənən və onun gənclər siyasətini həyata keçirən qurumların maliyyəsi hesabına təşkil olunacaq layihənin keçirilməsi olduqca önəmlidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olmuş və onlar arasından 150 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunub. Daha sonra onlar arasından seçilən iddialı 80 nəfər gənc müsahibənin ikinci turunda iştirak edərək layihədə iştirak üçün bacarıqlarını bir daha nümayiş etdirib. Nəticədə müraciətlər arasından seçilən 54 nəfər gənc üç ay ərzində nəzəri və praktiki cəhətdən rəqəmsal marketinqin sirlərinə yiyələnəcək. Layihənin nəzəri hissəsində öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən 20 təlim keçiriləcək. Daha sonra isə iştirakçılar dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək əldə etmiş olduqları nəzəri bilikləri real iş mühitində görəcək və prosesin birbaşa iştirakçısına çevriləcəklər. Sonda iştirakçılar layihəni uğurla başa vurmaq üçün iştirak edəcəkləri komandaları ilə birlikdə kampaniya hazırlayaraq təqdim edəcəklər. Beləliklə, prosesi bütün mərhələləri ilə yaşayan və komanda işində iştirak edən iştirakçılar əmək bazarında dövlət və özəl qurumların tələblərinə cavab verəcək bacarıqlar əldə edəcək, eləcə də özlərini inkişaf etdirməyin yollarını kəşf etmiş olacaqlar.