Cəmiyyət "Milli Şura"nın nə üçün piket keçirməyə meylli olduğunun səbəbini bilməlidir


Digərləri 07 Okt 2019 08:33:00 349 0

Cəmiyyət "Milli Şura"nın nə üçün piket keçirməyə meylli olduğunun səbəbini bilməlidir

"Milli Şura" və  AXCP-nin sentyabrın 28-də keçirməyi planlaşdırdıqları  mitinqdən imtina etdib, 8 oktyabrda Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyə qərar verməsinin ciddi səbəbləri var. Bu səbəblər, heç də, AXCP təmsilçilərinin öz  təbliğatlarında dedikləri kimi, "hökumətin təzyiq qarşısında geri çəkilib 8 oktyabr piketinə razılıq vermək zorunda qalması"  formasında  deyil. Əksinə, belə qərardəyişmə "Milli Şura"-AXCP  cütlüyünün gücsüzlüyünün, sosial bazalarının yoxluğunun, həm də səbatsızlığının,  hakimiyyət təmsilçilərinin isə, ciddi texnoloqluq imkanlarının göstəricisidir.

Belə ki, hakimiyyət "Milli Şura"-AXCP cütlüyünün hər iki istəyinə-həm mitinq keçirmək, həm də küçədə piket keçirmək - müraciətinə eyni formada yanaşmaqla, yəni hər iki aksiyanın keçirilməsinə icazə verməklə, qarşı tərəfi çıxılmaz duruma salıb. Onlara bacarıqları, dəstək aldıqları auditoriya  həcmində aksiya keçirmək üçün seçim imkanı yaradıb. Əgər böyük həcmli, geniş auditoriyalı mitinq keçirmək istəyirlərsə və buna potensialları varsa,  Lökbatanda 10  minlərlə insanın sığışa biləcəyi meydana getsinlər. Auditoriyaları yoxdursa, dar çərçivəyə sığışacaq həcmdədirlərsə, küçə piketini seçsinlər.

Cütlük özü az həcmli, kiçik auditoriyalı formatı seçdi, rəsmi razılıq almasına baxmayaraq, 28 sentyabrda Lökbatanda geniş auditoriyalı mitinq keçirmək qərarından vaz keçdi. Əvəzində 8 oktyabr tarixində BŞİH qarşısında piket keçirmək variantını seçdi. Çünki, imkanları budur, tərəfdarları yoxdur. İctimai fəal olan bütün şəxslər bilirlər ki, küçədə piket keçirmək təşkilatçı üçün aksiyanın ən rahat, zəhmətsiz formasıdır. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununda göstərilir ki, piket iştirakçılarının sayı 50 nəfərdən çox olmamalıdır.

Məsələ ondadır ki, həmin 50 nəfərlik auditoriyanı toplamaq ciddi təşkilatçılıq tələb etmir. 2-3 nəfər təmsilçini  küçəyə çıxarıb  şüarlar səsləndirirsən, plakatlar qaldırırsan. Ətrafdan keçən insanlar da maraq xatirinə toplanırlar ki, burada nə olduğunu görsünlər. Bir-iki nəfər jurnalist, bir neçə nəfər də mühafizə əməkdaşı gəlirsə, iş tamamdır: "izdiham" alındı. Toplananlar təşkilatçının, "Milli Şuranın" auditoriyası deyillər, onu dəstəkləmirlər, sadəcə maraq xatirinə və vəzifəsinin icrası üçün gələnlərdirlər. "Milli Şura"-AXCP cütlüyü Qərb texnoloqlarının təqdim etdikləri bu üsuldan - "süni izdiham yaratma" maxinasiyasından son zamanlar gen-bol yararlanırlar. Əhalinin intensiv  axın etdiyi yerdə durursan, hətta etiraz aksiyası üçün deyil, maarifləndirmə məqsədilə, buklet-müraciət paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir. Cəlb edilmiş şəxs marağında olmayan mövzuya həsr edildiyini görüncə, təqdim edilmiş kağızı  zibil qabına tullasa belə, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onun şəklini çəkərək arxivləşdiriblər. Bu, reallıqda heç 2 nəfər dəstəkçisi olmayan kampaniyanın ictimai rəyə izdihamlı aksiya qismində  təqdim edilməsi üçün yetərlidir. Onlarla əlbir çalışan "beynəlxalq təşkilatlar" Azərbaycanda "müxalifətin izdihamlı aksiyasının keçirildiyi" barədə xəbəri, "yüzlərlə adamın aksiya təşkilatçısı ilə həmrəylik nümayiş etdirən şəkillərini" bir neçə saat ərzində  paylaşıb sifarişi tamamlamış olurlar.

Məsələ ondadır ki, Qərb texnoloqları  tərəfindən tövsiyyə olunan bu taktika QHT-lər, ictimai təşkilatlar üçündür. Özünü hakimiyyətin alternativi kimi təqdim edən, sosial dayaqlara malik güc mərkəzi olduğunu iddia edən  bir siyasi qurum üçün belə ucuz variantlara əl atılması, ictimai rəyi çaşdırmaqla məşğul olması, yumşaq desək, ayıbdır. Böyük meydan, həcmli auditoriya yığmaq imkanı var ikən, "Milli Şura"-AXCP cütlüyünün belə ucuz şoudan istifadəyə qərar verməsi göstərdi ki, bu qruplaşmanın, həqiqətən də, sosial bazaları yoxdur. Ötən illərin təcrübəsi təsdiq edir ki, "radikal müxalifətin" auditoriyası "süni izdiham yaratmaq" texnikasından yararlanmaq vərdişlərini əxz etmiş  həmin 2-3 nəfərdən uzağa getmir.

Diqqətli izləyicilər görürlər ki, bu düşərgənin təmsilçiləri son illər müdətində yalnız hazır auditoriyalardan istifadə edirlər. Məsələn, Xocalı soyqırımı günündə kütləvi toplanış yerinə gəlib insident törədirlər, onu özlərinin izdihamlı aksiyası kimi təqdim edirlər. Şəhidlər Xiyabanını ziyarəti adı ilə gəlib onu piketə çevirmək istəyirlər və sair. 8 oktyabr piketi də bu taktikanın davamıdır: şəhərin mərkəzində, əhalinin intensiv hərəkətdə olduğu yerdə bir neçə dəqiqə dayanıb sadəcə söhbət etmək kifayətdir ki, süni izdiham görüntüsü yaranmış olsun.. Amma ataların yaxşı misalı var: "Özgə atına minən, tez düşər". Prosesdən xəbərsiz auditoriyanı yalançı vasitələrlə cəlb edib  öz auditoriyası  kimi təqdim etmək, ictimai rəyi aldatmaq bir neçə saat fayda verə bilər, amma strateji hədəflər üçün uyğun deyil. Özünə arxayın, auditoriyasına əmin olan siyasi təşkilat belə ucuz variantlara əl atmaz.